İraq Hərbi Hava Qüvvələrinə məxsus ‘‘F-16’’ qırıcıları ölkənin şərqindəki Diyala əyalətində DEAŞ terror təşkilatının sığınacaqlarına iki hava zərbəsi endirib.
İraqın rəsmi INA xəbər agentliyinin yaydığı məlumata əsasən, əməliyyat Narin bölgəsində aşkarlanan DEAŞ ünsürlərinə qarşı keçirilib. Hücumlar Hərbi Kəşfiyyat İdarəsinin təmin etdiyi məlumatlar əsasında və ordunun Hava Müşahidə Mərkəzi ilə koordinasiyalı şəkildə icra olunub.
Əməliyyat nəticəsində terrorçuların istifadə etdiyi mövqe tamamilə məhv edilib. İtkilər barədə hələlik rəsmi məlumat verilməyib, təfərrüatların növbəti mərhələdə açıqlanacağı bildirilib.
Sözügedən əməliyyat ABŞ-nin rəhbərlik etdiyi beynəlxalq koalisiyanın İraqdakı 12 illik missiyasını rəsmən başa vurmasından təxminən iki həftə sonra icra olunub.
Qeyd edək ki, İraq hökuməti 2017-ci ilin dekabrında DEAŞ üzərində tam qələbə qazandığını elan etsə də, təhlükəsizlik qüvvələri qruplaşmanın ölkə ərazisində qalan gizli hüceyrələrinə qarşı əməliyyatları davam etdirir.






















