Şimali Koreya modernləşdirilmiş nəhəng çoxlüləli raket buraxılış sisteminin sınaq atışlarını uğurla həyata keçirdiyini rəsmən təsdiqləyib. Şimali Koreya lideri Kim Çen In raket sınaqlarını izləyərkən Pxenyanın nüvə gücünü və hücum imkanlarını daha da gücləndirəcəyini bəyan edib.
KCNA xəbər agentliyinin məlumatına görə, yanvarın 27-də Şimali Koreya Raket Administrasiyası tərəfindən icra olunan sınaqlar yeni texnologiyalarla təkmilləşdirilmiş sistemin işini yoxlamaq məqsədi daşıyıb. Yüksək vəzifəli rəsmilərin müşayiəti ilə atışlara şəxsən nəzarət edən Kim Çen In sistemin effektivliyini yüksək qiymətləndirib. Bildirilib ki, raket buraxılış nöqtəsindən təxminən 358 kilometr məsafədə yerləşən hədəfi dəqiqliklə məhv edib.
Kim Çen In modernizasiya işlərinin sistemin zərbə gücünü maksimum səviyyəyə çatdırdığını və bu sınağın ölkənin strateji müdafiə qabiliyyətinin gücləndirilməsi baxımından “böyük əhəmiyyət” kəsb etdiyini vurğulayıb. Şimali Koreya lideri həmçinin deyib: ‘‘Əminəm ki, yaxın bir neçə il ərzində heç bir dövlət bu cür texnologiya və imkanlara sahib ola bilməyəcək. Bu nailiyyətlər Pxenyanla hərbi qarşıdurmaya can atan qüvvələr üçün ciddi xəbərdarlıqdır’’.
O, həmçinin qeyd edib ki, Koreya İşçi Partiyasının qarşıdan gələn qurultayı nüvə müharibəsinin qarşısını almaq üçün növbəti strateji addımları müəyyənləşdirəcək. Etibarlı hücum arsenalının inkişaf etdirilməsinin partiyanın əsas siyasi prioritetlərindən biri olduğu bir daha diqqətə çatdırılıb.









