Yəməndə İran tərəfindən dəstəklənən husi üsyançıları (Ənsarullah hərəkatı) Qırmızı dənizdə Səudiyyə Ərəbistanına məxsus iki neft tankerini dron və raketlərlə hədəf aldıqlarını bəyan ediblər.
Husilərin hərbi sözçüsü Yəhya Səri video müraciətində Səudiyyə Ərəbistanına aid "ENCELIA" və "LAYLA" adlı neft tankerlərinə hücum edildiyini bildirib.
Səri sözügedən gəmilərin təyin olunmuş tranzit qadağasını pozduqları üçün hədəf alındığını vurğulayaraq deyib: "Əməliyyat çoxsaylı ballistik və qanadlı raketlər, eləcə də PUA-larla həyata keçirilib və gəmilərə birbaşa zərbələr endirilib".
10-a yaxın gəmi geri qayıtmağa məcbur edilib
Hərbi sözçü eyni əməliyyat çərçivəsində Yəmən qüvvələrinin təxminən 10 gəminin istiqamətini dəyişərək geri çəkilməsinə nail olduğunu iddia edib.
Yəhya Səri Səudiyyə Ərəbistanı hökumətinə də birbaşa xəbərdarlıq edib: "Yəmən Silahlı Qüvvələri olaraq düşmənimiz Səudiyyə Ərəbistanının nəzərinə çatdırırıq ki, ölkəmizi hədəf alacaq hər hansı bir addım və ya hücum onun ərazisinin dərinliklərində genişmiqyaslı cavab əməliyyatları ilə qarşılanacaq".
Səudiyyə Ərəbistanına qarşı dəniz blokadası
İran yönümlü qrup iyulun 20-dən etibarən Səudiyyə Ərəbistanına qarşı dəniz blokadası tətbiq etməyə başladıqlarını açıqlamışdı.
Sözçü Seri Səudiyyə Ərəbistanını təxminən 12 il ərzində Yəmən xalqına mühasirə şəraiti yaşatmaqda, ölkənin milli sərvətlərini mənimsəməkdə, eləcə də hava və dəniz limanlarını təcrid edərək humanitar böhranı dərinləşdirməkdə ittiham edib.















