Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə İraqın Baş naziri Məhəmməd Şiya əs-Sudani arasında fevralın 13-də ikitərəfli münasibətlər, regional və qlobal məsələlər barədə telefon danışığı olub. Bu barədə, Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsi məlumat verib.
Məhəmməd Şiya əs-Sudani ilə söhbəti zamanı Rəcəb Tayyib Ərdoğan rəsmi Ankaranın xüsusilə ticarət sahəsi başda olmaqla, bir çox istiqamətlər üzrə İraqla münasibətləri gücləndirmək üçün addımlar atmağa davam edəcəyini qeyd edib. Prezident həmçinin terrorla mübarizə sahəsində əməkdaşlığın artırılmasının hər iki ölkənin maraqlarına uyğun olduğunu vurğulayıb.
Xatırladaq ki, Prezident Rəcəb Tayyib Ərdoğanın 2024-cü ilin aprelində İraqa etdiyi səfər ikitərəfli münasibətlərdə dönüş nöqtəsi kimi qiymətləndirilib. Səfər çərçivəsində təhlükəsizlik, ticarət, transsərhəd sular, kənd təsərrüfatı, mədəniyyət və nəqliyyat sahələrini əhatə edən 27 saziş və anlaşma memorandumu imzalanıb, bununla da tərəfdaşlığın hüquqi bazası möhkəmləndirilib. Səfər zamanı imzalanmış əsas sənədlərdən biri olan “Birgə Əməkdaşlıq üçün Strateji Çərçivə Sazişi” çərçivəsində yaradılmış daimi birgə komitələr vasitəsilə əməkdaşlığın institusionallaşdırılması istiqamətində mühüm irəliləyiş əldə olunub.
Bundan sonrakı dövrdə yüksək səviyyəli siyasi və texniki təmaslar daha da intensivləşib. Belə ki, İraqın Baş naziri Məhəmməd Şiya əs-Sudaninin 2025-ci ilin mayında Türkiyəyə rəsmi səfəri zamanı Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının altıncı iclası keçirilib və 11 strateji sənəd imzalanıb.










