İran rəsmi Vaşinqtonun Hörmüz boğazındakı gəmi hərəkətinə nəzarət planlarına sərt reaksiya verərək ABŞ-ın bölgəyə hər hansı müdaxiləsini ‘‘atəşkəsin pozulması" kimi qiymətləndirib. İran Parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri İbrahim Əzizi bildirib ki, ABŞ-nin Hörmüz boğazındakı yeni qaydalara müdaxilə etməsi birbaşa müharibəyə səbəb olacaq.
Rəsmi "X" platformasında paylaşım edən Əzizi strateji boğazın və Fars körfəzinin ABŞ Prezidenti Donald Trampın sosial media paylaşımları ilə idarə oluna bilməyəcəyini vurğulayıb.
Bu xəbərdarlıqlar Trampın boğazdakı gəmilər üçün ABŞ-ın tədbir görəcəyi barədə bəyanatından sonra edilib. Tramp rəsmi "Truth Social" platformasında bu təşəbbüsü müharibədə iştirak etməyən tərəfsiz ölkələrə kömək məqsədi daşıyan "humanitar jest" adlandırıb. O, bölgənin rifahı naminə gəmilərin təhlükəsiz keçidinə icazə veriləcəyini qeyd edib.
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) 4 may tarixindən etibarən kommersiya gəmiçiliyində naviqasiya azadlığını bərpa etmək üçün "Azadlıq layihəsi"nə start verəcəyini açıqlayıb.
Qeyd edək ki, dünya neft ticarətinin dörddə biri, həmçinin böyük həcmdə yanacaq və gübrə daşınması məhz bu boğaz vasitəsilə həyata keçirilir.
CENTCOM komandanı admiral Bred Kuper bildirib ki, bu müdafiə missiyası dəniz blokadasını qorumaqla yanaşı, regional təhlükəsizliyin və qlobal iqtisadiyyatın stabilliyi üçün həyati əhəmiyyət kəsb edir. "Azadlıq layihəsi"nə hərbi dəstək çərçivəsində idarə olunan raket esminesləri, 100-dən çox təyyarə, çoxməqsədli pilotsuz platformalar və 15 min hərbi qulluqçu cəlb olunacaq.






