AZƏRBAYCAN
2 dəqiqə oxuma
Azərbaycan və İran xarici işlər nazirləri regiondakı gərginliyi müzakirə ediblər
Ceyhun Bayramovun iranlı həmkarı ilə telefon danışığında regional vəziyyətdən narahatlıq ifadə olunub
Azərbaycan və İran xarici işlər nazirləri regiondakı gərginliyi müzakirə ediblər
Azərbaycan və İran xarici işlər nazirləri regiondakı gərginliyi müzakirə ediblər. [Arxiv foto] / AA
12 saat əvvəl

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovla İran İslam Respublikasının xarici işlər naziri Seyid Abbas Əraqçi arasında telefon danışığı baş tutub.

Telefon danışığında hər iki diplomat artan gərginlikdən dərin narahatlıqlarını ifadə ediblər. Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına görə, tərəflər davam edən hərbi münaqişələrin sürətlə dayandırılması üçün diplomatik səylərin gücləndirilməsinin vacibliyini vurğulayıblar.

Nazirliyin bəyanatında bildirilib ki, tərəflər həmçinin ikitərəfli münasibətləri müzakirə edib, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Qeyd edək ki, region 28 fevralda ABŞ və İsrailin İrana qarşı müharibəyə başlamasından bəri gərgin vəziyyətdədir. İndiyədək aralarında keçmiş ali rəhbər Əli Xameneinin də olduğu 1 340-dan çox insanın həyatını itirdiyi bildirilir.

İran; İsrail, İordaniya, İraq və ABŞ-nin hərbi varlığına ev sahibliyi edən Körfəz ölkələrini hədəf alan PUA və raket zərbələri ilə cavab verib. Bu hücumlar can itkisinə və infrastrukturun dağılmasına səbəb olmaqla yanaşı, qlobal bazarlarda və aviasiya sahəsində ciddi problemlər səbəb olub.

İsrail-ABŞ müharibəsinin İrana təsiri qonşu dövlətlərdə narahatlıq doğurub. Azərbaycan isə genişmiqyaslı münaqişəyə birbaşa cəlb olunmaqdan çəkinərkən strateji tərəfdaşlıqlarını balanslaşdırmağa çalışır və müharibənin Cənubi Qafqaza sıçramasından narahatlıq keçirir.

Martın ortalarında baş tutan digər telefon danışığında Bayramov və Əraqçı ikitərəfli əlaqələri nəzərdən keçirmiş və mövcud vəziyyətlə bağlı anlaşılmazlıqların qarşısını almaq üçün sıx məsləhətləşmələrə ehtiyac olduğunu vurğulamışdılar.

5 martda İranın Azərbaycanın Naxçıvan bölgəsinə təşkil etdiyi, bir neçə nəfərin yaralanması və diplomatik etirazlarla nəticələnən PUA hücumlarından sonra Bakı ilə Tehran arasındakı ikitərəfli münasibətlər həssaslığını qoruyur.