TÜRKİYƏ
1 dəqiqə oxuma
Ankarada qatil İsrailin Qəzzaya hücumlarına qarşı etiraz aksiyası keçirildi
Ankara Fələstin Həmrəylik Platformasının (ANFİDAP) üzvləri İsrailin 10 oktyabr 2025-ci il tarixli atəşkəsə baxmayaraq Qəzzada törətməyə davam etdiyi soyqırıma qarşı etiraz bildiriblər
Ankarada qatil İsrailin Qəzzaya hücumlarına qarşı etiraz aksiyası keçirildi
Ankarada Fələstinə dəstək yürüşü (Arxiv)

Türkiyənin paytaxtı Ankarada İsrailin Qəzzada törətdiyi soyqırım əleyhinə etiraz aksiyası keçirilib. ABŞ-nin Ankaradakı Səfirliyi qarşısına toplaşan Ankara Fələstin Həmrəylik Platforması üzvləri "Sözdə deyil, əməldə atəşkəs" və "Azad Qəzza, azad dünya" yazılmış pankartlar ilə İsrail və ABŞ əleyhinə şüarlar səsləndiriblər.

ANFİDAP adından mətbuat qarşısında çıxış edən Hacı Aydemir 7 oktyabr 2023-cü ildən bəri Qəzzada 74 mindən çox insanın qətlə yetirildiyini bildirib. O, bu şəxslərdən 21 mindən çoxunun uşaq olduğunu vurğulayıb.

Atəşkəsin tətbiq olunduğu 10 oktyabr 2025-ci ildən bu günə qədər İsrailin 1402 nəfəri öldürdüyünü qeyd edən H.Aydemir sözlərinə belə davam edib:

"Əraziyə daxil olmasına icazə verilən yük avtomobillərinin nisbəti 52 faizə düşüb. Bu göstərici Misir dəhlizində isə 21 faizə qədər geriləyib. Qış fəsli artıq qapıdadır. Əhalinin 94 faizinin təcili sığınacaq köməyinə ehtiyacı var. Qəzzalıların 65 faizi hava şəraitindən demək olar ki, heç bir müdafiəsi olmayan çadırlarda yaşayır."

Qəzzada həqiqi mənada atəşkəsin tətbiq olunmadığına diqqət çəkən H.Aydemir deyib:

"Atəşkəs pozuntuları dərhal dayandırılmalıdır. ABŞ zəmanətçi sifəti ilə sahib olduğu bütün siyasi nüfuzundan istifadə etməlidir. Bütün sərhəd-keçid məntəqələri gediş-gəliş üçün açılmalıdır. Yük avtomobillərindəki yardım materiallarının çatdırılma nisbəti 100 faizə çatmalı, əsassız maneələrə son qoyulmalıdır. Hərbi mövqelənmə bitirilməli və daimi işğal rədd edilməlidir. Beynəlxalq məhkəmə qərarlarının tələbləri yerinə yetirilməli, cavabdehlik məsələsi siyasi alver mövzusuna çevrilməməlidir."

MƏNBƏ:TRT