ABŞ-ın Türkiyədəki səfiri və Suriya üzrə xüsusi nümayəndəsi Tom Barrak "The Jerusalem Post" qəzetinin Vaşinqton konfransında çıxışı zamanı Türkiyənin Qəzza üçün nəzərdə tutulan beynəlxalq sabitləşdirmə qüvvələrinə daxil edilməli olduğunu bildirib.
Tom Barrak deyib ki, Türkiyənin prosesdə iştirakı atəşkəs planında yer alan və müharibədən sonrakı dövrdə fəaliyyət göstərməsi nəzərdə tutulan Beynəlxalq Sabitləşdirmə Qüvvələrini (BSAQ) daha da gücləndirəcək.
ABŞ prezidenti Donald Trampın planı çərçivəsində hazırlanan atəşkəs razılaşması oktyabrın 10-da qüvvəyə minib və 2023-cü ilin oktyabrından bəri davam edən İsrail hücumlarını dayandırıb. Bu hücumlar nəticəsində əsasən qadın və uşaqlar olmaqla 70 mindən çox insan həlak olub, təxminən 171 min adam isə yaralanıb.
BMT-nin 2803 saylı qətnaməsi Qəzzada keçid dövrü üçün çərçivə müəyyən edib. Bu çərçivəyə Sülh Komissiyasının yaradılması, Beynəlxalq Yardım Qüvvələrinin (ISF) formalaşdırılması və region üçün yeni inzibati komitənin təsisi daxildir.
Türkiyə bu qüvvədə iştirak etməyə hazır olduğunu açıqlayıb.
Ötən həftə xarici işlər naziri Hakan Fidan Türkiyənin sülh prosesini dəstəkləmək üçün lazım olan hər şeyi etməyə hazır olduğunu bildirib. Doha Forumunda çıxış edən Hakan Fidan bir çox ölkənin Türkiyənin prosesdə iştirakını arzuladığını vurğulayıb. O, Türkiyənin həm aparıcı rol oynaya, həm də missiyaya daha geniş beynəlxalq etibar qazandıra biləcəyini qeyd edib. Hakan Fidan bildirib ki, Ankara müharibədən sonra Qəzza ilə bağlı tənzimləmələr məsələsində İndoneziya, Azərbaycan və digər müsəlman və ərəb tərəfdaşları ilə koordinasiyalı şəkildə çalışır.










