Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş İstanbulda keçirilən Parlamentlərarası İttifaqın (PAİ) 152-ci Baş Assambleyasında çıxış edərək beynəlxalq ictimaiyyəti İsrailə qarşı kəskin addımlar atmağa çağırıb.
Numan Kurtulmuş İsrailin qəbul etdiyi ölüm cəzası qanununu sərt tənqid edərək Birləşmiş Millətlər Təşkilatından bu ölkənin üzvlüyünün dayandırılmasını tələb edib. N. Kurtulmuş tarixə istinad edərək bildirib ki, 1974-cü ildə aparteid rejiminə görə Cənubi Afrikanın BMT üzvlüyü dayandırılıb.
Fələstinlilərə qarşı tətbiq edilən ayrı-seçkilik və fərqli hüquqi yanaşmaları aparteid siyasəti kimi qiymətləndirən TBMM sədri BMT-nin Qəzzadakı qırğını dayandırmaqda aciz qaldığını vurğulayıb. N.Kurtulmuşun sözlərinə görə, bu təşkilat artıq qlobal sülhü qorumaq missiyasından uzaqlaşaraq yalnız müəyyən güclərin maraqlarını təmin edən bir quruma çevrilib.
Regiondakı gərginliyə də toxunan N.Kurtulmuş bir çox Yaxın Şərq dövlətinin suverenliyinin pozulduğunu vurğulayıb. Oman Şurasının sədri Xalid Əl-Maavali ilə görüşən N.Kurtulmuş bu ölkənin vasitəçilik səylərini yüksək qiymətləndirib və davamlı atəşkəs üçün danışıqların bərpasına çağırıb. O, həmçinin İsrailin addımlarının Körfəz ölkələri ilə İran arasında genişmiqyaslı qarşıdurma riskini artırdığı barədə xəbərdarlıq edib.
Qeyd edək ki, İstanbulda keçirilən və 155 ölkənin təmsil olunduğu tədbirə Türkiyə artıq dördüncü dəfə ev sahibliyi edir.











