Cənubi Koreya və Hindistan səfirlikləri artan hərbi gərginlik və ABŞ-ın mümkün hücum təhlükəsi ilə bağlı xəbərdarlıqlar yayaraq vətəndaşlarından İranı "mümkün qədər tez" tərk etmələrini istəyiblər. Cənubi Koreyanın Tehrandakı səfirliyi təhlükəsizlik vəziyyətinin sürətlə pisləşə biləcəyini vurğulayaraq, regionda ABŞ-ın hərbi müdaxilə ehtimalının və Tehranın mümkün qisas addımlarının ciddi narahatlıq doğurduğunu bildirib.
Səfirlik vətəndaşlarını media xəbərlərini diqqətlə izləməyə və ölkəyə planlaşdırılan səfərləri təxirə salmağa çağırıb. Analoji addımı atan Hindistan səfirliyi də vətəndaşlarına kommersiya uçuşları daxil olmaqla, bütün mövcud nəqliyyat vasitələrindən istifadə edərək İranı tərk etməyi tövsiyə edib və təcili əlaqə nömrələrini paylaşıb. Serbiya Xarici İşlər Nazirliyi də pisləşən təhlükəsizlik şəraiti səbəbindən bənzər xəbərdarlıqla çıxış edib.
Bu xəbərdarlıqlar ABŞ-ın Yaxın Şərqdə hərbi mövcudluğunu artırması, xüsusilə "USS Abraham Lincoln" və "USS Gerald R. Ford" təyyarədaşıyan gəmilərinin bölgəyə cəlb edilməsi ilə eyni vaxta təsadüf edir.
Donald Trumpın İranla danışıqlar üçün 10–15 günlük vaxt müəyyən etməsi və hərbi seçimlərin, o cümlədən məhdud zərbə ehtimalının gündəmdə olduğunu bildirməsi bölgədə gərginliyi daha da artırıb.
Qeyd edək ki, diplomatik səylər də davam edir. Oman Xarici İşlər Nazirliyinin məlumatına görə, tərəflər cümə axşamı Cenevrədə nüvə danışıqlarının yeni mərhələsi üçün bir araya gələcəklər.











