Türkiyə, Misir, Pakistan və Səudiyyə Ərəbistanından ibarət "R4 Qrupu"nun xarici işlər nazirləri İstanbulda keçirilən görüşdən sonra birgə bəyanat yayımlayıblar. Nazirlər İsrail işğalının regionda və ondan kənarda sabitliyin pozulmasının əsas mənbəyi olduğunu bildiriblər. Onlar, həmçinin İsrailin yürütdüyü siyasətin dünya ictimaiyyətində dərin ədalətsizlik hiss yaratdığını vurğulayıblar.
Bəyanatda bildirilir ki, nazirlər Birləşmiş Millətlər Təşkilatının (BMT) Nizamnaməsinin məqsəd və prinsiplərinə uyğun olaraq bir araya gəliblər. Görüşün məqsədi regionda və onun hüdudlarından kənarda sülh və sabitliyi təşviq etməkdir. Tərəflər birgə maraq doğuran regional məsələləri müzakirə etmək üçün diplomatik səylərə töhfə vermək öhdəliyini təsdiqləyiblər.
Birgə bəyanatda deyilir: "Nazirlər İsrail işğalının regionda və onun hüdudlarından kənarda sabitliyin pozulmasının əsas mənbəyi olduğunu vurğulayıblar. Onlar İsrail siyasətinin qlobal ictimaiyyətdə dərin ədalətsizlik hissi yaratdığını bildiriblər. Nazirlər BMT-nin müvafiq qətnamələrinə uyğun olaraq, iki dövlətli həll variantının tez bir zamanda həyata keçirilməsi üçün çağırış ediblər."
Bəyanatda Yaxın Şərqdə hərtərəfli sülhün bərqərar olması üçün Fələstin xalqının qanuni hüquqlarına dəstək bir daha ifadə olunub. Bu çərçivədə Fələstin xalqının öz müqəddəratını təyinetmə hüququ xüsusi vurğulanıb. Eyni zamanda, 1967-ci il iyunun 4-dəki sərhədlər əsasında paytaxtı Şərqi Qüds olan müstəqil, suveren, yaşana bilən və coğrafi bütövlüyə malik Fələstin dövlətinin qurulmasına dəstək yenilənib.
Yəmən məsələsinə toxunulan bəyanatda Nazirlər humaniat fəlakəti daha da dərinləşdirən husilərin gərginliyi qəbulolunmaz dərəcədə artırmasını qətiyyətlə pisləyiblər. Səudiyyə Ərəbistanına, xüsusilə də mülki şəxslərə və mülki infrastruktura qarşı davam edən hücumlar qınanıb. Həmçinin ölkə nazirləri Qırmızı dənizdə və Bab əl-Məndəb boğazında ticarət gəmilərinə edilən hücumları ən kəskin şəkildə pislədiklərini bəyan ediblər.
Sənəddə ABŞ, İsrail və İran arasında, eləcə də Hörmüz boğazı ətrafında yaşanan hərbi münaqişəyə də toxunulub. Bu gərginliyin yalnız dialoq və diplomatiya yolu ilə həll edilməsinin vacibliyi vurğulanıb. Bəyanatda gəmilərin, mülki şəxslərin və mülki infrastrukturun hədəf alınmasının qarşısının alınmasına təcili ehtiyac olduğu bildirilib.




















