DÜNYA
3 dəqiqə oxuma
Asiyada baş verən daşqın fəlakətində ölənlərin sayı 1200-ə yaxınlaşıb
Yardım təşkilatları zərər çəkmiş ərazilərdəki yerli bazarlarda zəruri malların tükəndiyi və qiymətlərin üçqat artdığı barədə xəbərdarlıq edərək,...
Asiyada baş verən daşqın fəlakətində ölənlərin sayı 1200-ə yaxınlaşıb
Musson yağışları / AFP
2 dekabr 2025

Yardım təşkilatları zərər çəkmiş ərazilərdəki yerli bazarlarda zəruri malların tükəndiyi və qiymətlərin üçqat artdığı barədə xəbərdarlıq edərək, zərər çəkmiş ərazilərə təchizatın göndərilməsinə çalışdıqlarını bildiriblər.

İndoneziya və Şri-Lanka hökumətləri və yardım agentlikləri dörd ölkədə təxminən 1200 insanın ölümünə səbəb olan daşqınlar nəticəsində qapalı qalmış yüz minlərlə insana yardım çatdırmaq üçün səfərbər olublar..

Güclü musson yağışları və iki ayrı tropik fırtına ötən həftə Şri-Lanka, İndoneziyanın Sumatra adasının bəzi hissələri, Taylandın cənubu və Malayziyanın şimalında güclü yağışlara səbəb olub.

İsti atmosfer daha çox nəm saxladığı və isti dənizlərin fırtına dalğalarını gücləndirdiyi üçün iqlim dəyişikliyi yağışları daha da şiddətli hala gətirir.

Daşqın suları çəkilsə də, geridə qalan dağıntılar səbəbindən yüz minlərlə insanın hazırda sığınacaqlarda yaşadığı və təmiz su və qida əldə etməkdə çətinlik çəkdiyi bildirilib.

İndoneziyanın ən çox zərər çəkmiş bölgələrindən biri olan Açehdə sakinlər AFP-yə bildiriblər ki, sağ qalanlar ehtiyat üçün tədarük edir.

"Su basmış ərazilərdə yollar əsasən əlçatmazdır. İnsanlar yanacağın tükənməsindən narahatdırlar", - deyə 29 yaşlı Erna Mardhiah Banda Açehdəki yanacaqdoldurma məntəqəsində uzun növbədə gözləyərkən bildirib.

Bu vəziyyət qiymətlərin sürətlə artmasına səbəb olub.

İndoneziya hökuməti debakrın 1-də ən çox zərər çəkmiş üç əyaləti olan Açeh, Şimali Sumatra və Qərbi Sumatraya 34.000 ton düyü və 6,8 milyon litr bitki yağı göndərəcəyini açıqlayıb.

"Əgər təchizat xətləri növbəti yeddi gün ərzində bərpa olunmazsa, Açehdəki insanlar ciddi qida çatışmazlığı və aclıqla üzləşəcəklər", - deyə yardım təşkilatı "İslamic Relief" bildirib.

Başqa bir fırtına Şri-Lankada güclü yağışlara, qəfil daşqınlara və ölümcül torpaq sürüşmələrinə səbəb olub. Bu hadisələr nəticəsində ən azı 390 nəfər ölüb.

352 nəfər itkin düşüb. Ölkənin mərkəzi rayonunun ən çox zərər çəkmiş bəzi əraziləri hələ də əlçatmazdır.

Şri-Lanka prezidenti Anura Kumara Dissanayake ölkə tarixində "ən çətin təbii fəlakət" adlandırdığı hadisənin öhdəsindən gəlmək üçün fövqəladə vəziyyət elan edib.

İndoneziya prezidentindən fərqli olaraq, Dissanayake beynəlxalq yardım çağırıb.

Şri-Lanka hava qüvvələri Hindistan və Pakistandan olan komandaların dəstəyi ilə qapalı qalanları təxliyə edir və ehtiyacı olanlara ərzaq və digər yardımlar çatdırır.

Yerli bir məmur bildirib ki, təhlükəsizlik qüvvələri dekabrın 1-də dağlıq Velimada bölgəsində sürüşmə nəticəsində qapalı qalmış 11 nəfərin cəsədini tapıb.

Paytaxt Kolomboda daşqın suları tədricən geri çəkilməyə başlayıb.

Şəhər ətrafında suyun sürətlə qalxması mövsümi daşqınlara öyrəşmiş sakinləri təəccübləndirib.

"Hər il kiçik daşqınlarla qarşılaşırıq, amma bu, tamamilə başqa bir şeydir", - deyə sürücülərdən biri olan Dinuşa Sanjaya AFP-yə bildirərək deyib: "Məsələ yalnız suyun miqdarında deyil, həm də əşyaların nə qədər tez su altında qalmasındadır".

Səlahiyyətlilər qeyd ediblər ki, ölkə daxilində yağıntıların azalmasına baxmayaraq, ən çox zərər çəkmiş mərkəzi bölgənin böyük bir hissəsində sürüşmə xəbərdarlıqları davam edir.