İran prezidenti Məsud Pezeşkian bildirib ki, paytaxt Tehran yaxın gələcəkdə ciddi su çatışmazlığı ilə üzləşə bilər.
Cümə axşamı İranın qərbindəki Sənəndəc şəhərinə səfəri zamanı çıxış edən Məsud Pezeşkian bildirib ki, hökumət iqtisadi, ekoloji və sosial böhranlarla mübarizə aparır.
Yerli "Etemad" qəzetinin məlumatına görə, prezident yüksək qiymətlərin və inflyasiyanın həm daxili siyasət səhvlərinin, həm də beynəlxalq sanksiyaların nəticəsi olduğunu qeyd edib.
"Həm parlament, həm də hökumət yüksək qiymətlər və inflyasiyaya görə məsuliyyət daşıyır. İşlər davam edir, lakin məhdud maliyyə resursları layihələrin başa çatmasına mane olur," – deyə Məsud Pezeşkian vurğulayıb.
Quraqlığın yaratdığı su böhranına toxunan Məsud Pezeşkian bildirib ki, İran yağış və su ehtiyatlarının azalması kimi ciddi təbii çətinliklərlə üzləşir.
"Yağış yağmasa, gələn ay Tehranda su istifadəsini məhdudlaşdırmağa məcbur olacağıq. Quraqlıq davam edərsə, su ehtiyatları tükənəcək və şəhəri tərk etməyə məcbur olacağıq’’,-deyə Məsud Pezeşkian qeyd edib.
Prezident su və enerji ehtiyatlarının daha yaxşı idarə olunması və qorunmasına ehtiyac olduğunu vurğulayaraq Tehrandakı vəziyyəti "həyəcanverici" adlandırıb.
Tehranın su təchizatı beş əsas bənddən asılıdır: Lar, Mamlu, Əmir Kəbir, Taleqan və Letyan. Lakin son beş ildə yağıntılar kəskin azalıb və meteoroloji məlumatlara görə, bu il Tehranda yağıntılar mövsümi orta göstəricilərdən təxminən 40 faiz aşağıdır.
Xüsusilə yaz və yay aylarında yağıntının olmaması su anbarlarının səviyyəsinin ciddi şəkildə aşağı düşməsinə səbəb olub, bu da həm səth, həm də yeraltı su ehtiyatlarına təsir edib.
Tehran Su İdarəsi iyulun 20-də bildirib ki, paytaxtı təmin edən su anbarları son bir əsrdə ən aşağı səviyyəyə çatıb. Yay aylarında ölkə daxilində fasilələrlə su kəsintiləri həyata keçirilib. Noyabrın 3-də açıqlama verən Tehran Su İdarəsinin rəhbəri Behzad Parsa bildirib ki, quru hava şəraiti davam edərsə, bəndlərin su anbarları şəhəri yalnız iki həftə ərzində kifayət qədər su ilə təmin edə biləcək.
Məsud Pezeşkian iyulun 23-də bildirmişdi ki, böhran indiki tempdə davam edərsə və effektiv tədbirlər görülməzsə, əhaliyə su verilməsi tezliklə mümkün olmayacaq.














