Türkiyə İsrailin Baş naziri Binyamin Netanyahunun Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasındakı çıxışına Nyu-Yorkda üçüncü katib səviyyəsində cavab verərək, "Türkiyəyə və Prezident Rəcəb Tayyib Ərdoğana yönəlmiş əsassız və bədxah ittihamları qətiyyətlə rədd edirik" açıqlamasını verib.
Xarici İşlər Nazirliyinin üçüncü katib səviyyəsindəki gənc diplomatı Nyu-Yorkda BMT-nin 81-ci Baş Assambleyasında Türkiyə adından cavab hüququndan istifadə edərək verdiyi açıqlamada İsrailin Baş naziri Netanyahunun əsassız iddialarına reaksiya göstərib.
Açıqlamada vurğulanıb ki, Türkiyəyə və Prezident Rəcəb Tayyib Ərdoğana yönəlmiş əsassız və bədxah ittihamları qətiyyətlə rədd edirik.
İsrail Baş nazirinin çıxışı zamanı çoxlu sayda nümayəndə heyətinin zalı tərk etməsinin əhəmiyyətsiz bir addım olmadığına diqqət çəkilən açıqlamada deyilib: "Bu, güclü bir diplomatik pisləmədir. Verilən mesaj aydındır: dediklərinin etibarı qalmayıb, siyasəti rədd edilir və özünün beynəlxalq aləmdəki təcrid olunması hər keçən gün dərinləşir".
Açıqlamada "Beynəlxalq ictimaiyyət müharibə cinayətləri və bəşəriyyətə qarşı cinayətlərə görə haqqında həbs qətimkan tədbiri qərarı olan və mənəvi legitimliyini itirmiş bir lideri dinləməyi qəbul etmir" ifadələri işlədilib.
"Heç bir təbliğat həqiqəti silə bilməyəcək"
Netanyahunun irəli sürdüyü həqiqətəuyğun olmayan iddiaların İsrailin Qəzzadakı soyqırımını və işğal altındakı İordan çayının qərb sahili, Livan, Suriya və daha başqa yerlərdə davam etdirdiyi amansız təcavüzkarlığını gizlətməyə yönəlmiş çarəsiz və boş cəhdlər olduğu bildirilib.
Açıqlamada heç bir təbliğatın həqiqəti silə bilməyəcəyi qeyd olunarkən: "Minlərlə mülki şəxs qətlə yetirilib, evlər və xəstəxanalar dağılıb, məktəblər qəsdən hədəf alınıb və humanitar yardımın çatdırılması qərəzli şəkildə əngəllənib. Bunlar unudulmayacaq və bağışlanmayacaq cinayətlərdir" deyilib.
"İsrail müharibə və dağıntı ixrac edərkən, Türkiyə sülh inşa edir"
Şəxsi hücumların və yalanların neçə ucadan və ya nə qədər tez-tez təkrar edilməsindən asılı olmayaraq danıla bilməyəcək həqiqətlər qarşısında iflasa uğradığı vurğulanan açıqlamada "İsrail müharibə, dağıntı və qeyri-sabitlik ixrac edərkən, Türkiyə sülh inşa edir" deyə vurğulanıb.
Açıqlamada Türkiyənin davamlı sülhə aparan yeganə real variant olan iki dövlətli həll çərçivəsindəki qətiyyətli dəstəyini sürdürəcəyi qeyd olunarkən, "Müstəqil, suveren və ərazi bütövlüyünə malik, paytaxtı Şərqi Qüds olmaqla 1967-ci il sərhədləri əsasında qurulacaq Fələstin Dövləti bərqərar olunana qədər Fələstin xalqının yanında çiyin-çiyinə dayanmağa davam edəcəyik" mesajı verilib.























