DÜNYA
2 dəqiqə oxuma
Tuapse neft emalı zavoduna zərbə endirilib
Ukrayna Silahlı Qüvvələri Rusiyanın Krasnodar diyarındakı "Tuapse" neft emalı zavoduna (NEZ) yenidən hücum edib və nəticədə güclü yanğın baş verib
Tuapse neft emalı zavoduna zərbə endirilib
Tuapse neft emalı zavodu Foto: Reuters arxivi

Ukrayna pilotsuz uçuş aparatları (PUA) Qara dəniz sahilində yerləşən Rusiyaya məxsus Tuapse neft emalı zavodunu hədəf alaraq yanğına səbəb olub, Belqorodda həyata keçirilən digər PUA hücumunda isə üç nəfər həyatını itirib.

Vilayət qubernatoru Vyaçeslav Qladkov Ukraynanın PUA ilə təşkil etdiyi hücum nəticəsində Rusiyanın Belqorod sərhəd bölgəsində üç mülki şəxsin həyatını itirdiyini bildirib.

Qladkov “Telegram”da verdiyi açıqlamada "Ukrayna silahlı qüvvələrinin pilotsuz uçuş aparatları ilə təşkil etdiyi hücumlar nəticəsində üç mülki şəxs ölüb, üç nəfər isə yaralanıb" ifadələrini işlədib.

O, PUA-ların bir avtomobili hədəf aldığını, bir kişinin öldüyünü, başqa bir ərazidə isə bir kişi və bir qadının həlak olduğunu qeyd edib.

Rusiyanın Tuapse neft emalı zavodunda yanğın

Rəsmilərin bildirdiyinə görə, Ukraynaya məxsus pilotsuz uçuş aparatları Qara dənizdəki Rusiya Tuapse neft emalı zavoduna da hücum edərək yanğına səbəb olub.

Sözügedən hücum "Rosneft"ə məxsus zavod və Tuapse limanına son bir neçə həftədə təşkil edilən silsilə PUA hücumlarının ən sonuncusudur. Əvvəlki hücumlar dənizdə neft sızmasına və söndürülməsi günlərlə davam edən səbəb olmuşdu.

Sektor mənbələrinin qeyd etdiyinə görə, əsasən ixrac üçün neft məhsulları istehsal edən zavod PUA hücumundan sonra 16 aprel tarixindən etibarən fəaliyyətini dayandırmışdı.

Ukrayna ABŞ-nin vasitəçiliyi ilə keçirilən sülh danışıqlarının dayandırılmasından və Vaşinqtonun əsas diqqətini İrandakı müharibəyə yönəltməsindən sonra, mart ayından bəri Rusiyaya qarşı hücumlarını artırıb.

Qeyd edək ki, Tuapse neft emalı zavodunun illik istehsal gücü təxminən 12 milyon metrik ton və ya gündə 240 min bareldir. Zavodda nafta, dizel, mazut və vakuum qazoylu istehsal olunur.

2022-ci ilin fevralında Ukraynaya qarşı hərbi əməliyyatların başlamasından bəri Rusiya müntəzəm olaraq xüsusilə mühüm infrastruktur obyektlərini bombalayır.

Buna cavab olaraq Kiyev Rusiyadakı hədəflərə hücum edir və Moskvanın müharibəni maliyyələşdirmə imkanlarını azaltmaq məqsədilə hərbi obyektlərlə yanaşı, enerji obyektlərini də hədəf aldığını müdafiə edir.