İsrail rəsmiləri ABŞ hərbi təyyarələrinin Ben Qurion hava limanında yerləşdirilməsinin son iki ayda ölkəyə 700 milyon şekel (təxminən 248 milyon dollar) ziyan vurduğunu açıqlayıblar. İsrailin KAN yayım orqanının məlumatına görə, Hava Limanları İdarəsinin baş direktoru Şeron Kedmi vəziyyətin bu şəkildə davam edəcəyi təqdirdə itkilərin milyardlarla şekelə çata biləcəyi barədə xəbərdarlıq edib.
Şeron Kedmi ABŞ-yə məxsus hərbi yanacaqdoldurma (tanker) təyyarələrinin intensivliyi səbəbindən Ben Qurion hava limanının hazırda öz operativ tutumunun yalnız üçdə birindən istifadə edə bildiyini qeyd edib. O, hava limanındakı resurs və sahələrin təxminən 70 faizinin Amerika hərbi əməliyyatları tərəfindən məşğul edildiyini, bu səbəbdən yaxın günlərdə əlavə mülki uçuşların da ləğv olunacağını bildirib. Rəsmi proqnozlara görə, mövcud böhran səbəbindən bu il hava limanından keçməsi gözlənilən sərnişin sayı 18 milyondan 15 milyona düşəcək və bu fasilələr ümumilikdə 3 milyona yaxın sərnişinə mənfi təsir göstərəcək. Həmçinin xarici aviaşirkətlərin yaxın vaxtlarda İsrailə uçuşları bərpa etməsi real görünmür.
Bu ayın əvvəlində İsrail Mülki Aviasiya İdarəsinin rəhbəri Şmuel Zakay da mövzu ilə bağlı Nəqliyyat naziri Miri Regevə hesabat təqdim etmişdi. Zakay hesabatında Tel-Əviv yaxınlığındakı bu əsas hava limanının artıq "məhdud mülki əməliyyatları olan hərbi hava limanına" çevrildiyini vurğulamışdı. O, ABŞ hərbi təyyarələrinin mövcudluğunun mülki aviasiyanı iflic etdiyini, xarici şirkətlərin reysləri təxirə salmasına səbəb olduğunu və bilet qiymətlərini kəskin artıraraq yerli aviaşirkətlərə ciddi zərbə vurduğunu bəyan etmişdi.








