İran Futbol Federasiyasının (İFF) prezidenti Mehdi Tac İran milli komandasının 2026-cı il FIFA Dünya Kubokunda iştirak etməyə hazırlaşdığını, lakin iştirakın FIFA-nın zəmanət verməsindən asılı olduğunu deyib.
Mayın 5-də dövlət televiziyası IRIB-ə müsahibə verən Mehdi Tac bildirib ki, İranın turnirdə iştirakı çempionatda məhdudiyyətlərlə üzləşməyəcəklərinə dair FIFA prezidenti Canni İnfantino və baş katib Mattias Qrafstrom ilə planlaşdırılan görüşdə zəmanət alınmasından asılı olacaq.
M.Tac həmçinin İran rəsmilərinin komandanın giriş məhdudiyyətləri ilə və ya xüsusilə İranın dövlət qurumlarına qarşı “hörmətsizlik” halları ilə üzləşməyəcəyinə dair zəmanət gözlədiklərini söyləyib.
M.Tac deyib: “Amerika Birləşmiş Ştatları ilə problemimiz yoxdur. Dünya Kubokuna gedirik, çünki seçmə mərhələni keçmişik. Ev sahibimiz FIFA-dır, konkret bir ölkə deyil.”
Bundan əlavə M.Tac İranın turnirdən əvvəl Türkiyədə iki, Amerika Birləşmiş Ştatlarında isə bir yoldaşlıq oyunu keçirməyi planlaşdırdığını bildirib.
İran mətbuatının yaydığı məlumata görə, bu açıqlamalar iranlı futbol rəsmilərinin qüvvədə olan vizaları olmasına baxmayaraq, Kanadadakı FIFA Konqresinə buraxılmamalarından sonra verilib.
Bildirilir ki, M.Tac və baş katib Hidayət Mombeini Asiya Futbol Konfederasiyasının iclasında və Kanadadakı FIFA Konqresində iştirak etmək üçün Kanadaya getmişdilər, lakin onların ölkəyə girişinə icazə verilməyib.
İran mətbuatı hadisəni siyasi səbəblərlə əlaqələndirərkən, Kanadanın xarici işlər naziri Anita Anand bunun qəsdən baş vermiş bir hadisə olmadığını deyib.
Məsələylə bağlı FIFA daha sonra hadisədən təəssüfləndiyini bildirib və iranlı rəsmilərlə ayrıca görüş keçiriləcəyini qeyd edib.
İranın turnirdə iştirak edib-etməyəcəyi qeyri-müəyyəndir
ABŞ rəsmiləri iranlı idmançıların hər hansı məhdudiyyətlə üzləşməsinin gözlənilmədiyini, lakin onları müşayiət edən bəzi şəxslərin bundan təsirlənə biləcəyini bildiriblər.
FIFA prezidenti İranın turnirdə iştirakının gözlənildiyini bildirərək komandanın buna hüquq qazandığını qeyd edib.
Qısa müddət əvvəl ABŞ-nin yüksək vəzifəli nümayəndəsi turnirdə İranın yerinə İtaliyanın çıxış etməsini təklif edib, lakin İtaliyadakı idman şərhçiləri və azarkeşlər “iştirak hüququ siyasətlə deyil, meydanda qazanılmalıdır” deyərək bu fikri rədd ediblər.
İran fevralın 28-də başlayan ABŞ-İsrail müharibəsindən sonra öz oyunlarının Meksikada keçirilməsini tələb edib, lakin İranın oyunlarına ev sahibliyi etməyə hazır olduğunu bildirən Meksika FIFA-nın bu tələbi rədd etdiyini açıqlayıb.
İran milli yığmasının Belçika, Misir və Yeni Zelandiya ilə keçirəcəyi G qrupu oyunlarının hamısının ABŞ-də oynanılması planlaşdırılır.
FIFA-nın saytında yer alan komanda təqviminə görə, İran iyunun 15-də Los-Anceles stadionunda Yeni Zelandiya ilə, iyunun 21-də həmin stadionda Belçika ilə, iyunun 26-da isə “Sietl” stadionunda Misir ilə qarşılaşacaq.
Qeyd edək ki, hadisə iyun ayında ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi ilə keçiriləcək 2026-cı il FIFA Dünya Kuboku ərəfəsində baş verib.








