SİYASƏT
4 dəqiqə oxuma
ABŞ-nin Venesuelaya hücumundan sonra beynəlxalq reaksiyalar artmaqdadır
Dünyanın müxtəlif ölkələri ABŞ-nin Venesuelaya hücumunun regionda sabitsizliyə yol aça biləcəyi barədə xəbərdarlıq edir
ABŞ-nin Venesuelaya hücumundan sonra beynəlxalq reaksiyalar artmaqdadır
ABŞ-nin Venesuelaya hücumu / AP
4 yanvar 2026

ABŞ prezidenti Donald Trampın göstərişi ilə Venesuelada həyata keçirilən hərbi hücumlar nəticəsində Nikolas Maduronun ələ keçirilməsindən sonra qlobal miqyasda müxtəlif reaksiyalar səslənməyə başlayıb.

Latın Amerikası, Avropa və Yaxın Şərqdəki hökumətlər suverenliyin pozulması, regional sabitsizlik ehtimalı və daha geniş miqyaslı münaqişə riski ilə bağlı narahatlıqlarını bildiriblər.

Bəzi ölkələr təmkinli olmağa çağırış edərkən, digərləri diplomatik vasitəçilik təşəbbüsləri ilə çıxış edib.

Xəbər verildiyi kimi, tərəflər arasındakı gərginlik ABŞ-nin N.Maduronu narkotik qaçaqmalçılığında ittiham etməsi ilə başlamışdı. N.Maduro isə bu iddiaları rədd edərək danışıqlara açıq olduğunu bildirmişdi.

 

Kolumbiya

Kolumbiya prezidenti Qustavo Petro ABŞ-nin hava zərbələrindən sonra sərhəd bölgələrinə əlavə hərbi qüvvələrin yerləşdirildiyini açıqlayıb.

Q.Petro ABŞ-nin addımlarını Latın Amerikasının “suverenliyinə yönəlmiş hücum” kimi qiymətləndirərək qınayıb və bunun humanitar böhranı təhlükəyə sala biləcəyi barədə xəbərdarlıq edib.

“Dialoq” yolu ilə həllə çağıran solçu lider “X” sosial şəbəkəsində paylaşımında hərbi komandanlara Venesuela sərhədi boyunca “təhlükəsizlik qüvvələrinin yerləşdirilməsi” barədə göstəriş verdiyini təsdiqləyib.

Kolumbiya hökuməti Venesuela rəhbərliyi ilə yaxın müttəfiq olmasına baxmayaraq, Q.Petro N.Maduronun ələ keçirilməsi ilə bağlı hər hansı şərh verməyib.

Xatırladaq ki, prezident Q.Petro daha əvvəl ABŞ-nin hərəkətlərinin beynəlxalq hüquqa uyğunluğunun qiymətləndirilməsi üçün Amerika Dövlətləri Təşkilatının və Birləşmiş Millətlər Təşkilatının “təcili” iclasa çağırılmasını tələb etmişdi. Bu il BMT Təhlükəsizlik Şurasında qeyri-daimi üzv olan Kolumbiya qurumun iclasa çağırılmasını rəsmi şəkildə tələb edib.

 

Rusiya

Rusiya da Venesuelada ABŞ-nin hərbi əməliyyatını pisləyib və hücumu əsaslandıracaq məqbul səbəbin olmadığını, “ideoloji düşmənçiliyin” diplomatiyanın önünə keçdiyini bildirib.

Rusiya Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda deyilir: “Bu səhər Amerika Birləşmiş Ştatları Venesuelaya qarşı silahlı hücum həyata keçirib. Bu, son dərəcə narahatedici və qınanmalı bir vəziyyətdir.”

Açıqlamada bildirilib ki, bu cür hərəkətləri legitimləşdirmək üçün irəli sürülən arqumentlər əsassızdır və “ideoloji düşmənçilik işgüzar praqmatizmin önünə keçib”. Bəyanatda Venesuela lideri Nikolas Maduroya birbaşa istinada yer verilməyib.

Rusiya Venesuela xalqı ilə həmrəyliyini bir daha vurğulayıb və ABŞ hücumları zamanı Rusiya vətəndaşlarının xəsarət alması ilə bağlı hər hansı məlumatın olmadığını bildirib.

 

İran

İran dövləti hücumu ölkənin suverenliyinin və ərazi bütövlüyünün “açıq-aşkar pozulması” kimi qiymətləndirib.

İran Xarici İşlər Nazirliyinin açıqlamasında deyilir: “ABŞ-nin Venesuelaya qarşı hərbi hücumu Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin əsas prinsiplərinin və beynəlxalq hüququn fundamental qaydalarının, xüsusilə Nizamnamənin 2-ci maddəsinin 4-cü bəndinin açıq şəkildə pozulmasıdır”.

Bəyanatda ABŞ-nin hərbi hücumu qınanıb, ölkənin milli suverenliyi və ərazi bütövlüyünün kobud şəkildə pozulduğu vurğulanıb.

Açıqlamaya görə, bu hücum Birləşmiş Millətlər Təşkilatı, hüquq, sülh və beynəlxalq təhlükəsizliyin qorunmasına cavabdeh olan bütün dövlətlər tərəfindən dərhal və açıq şəkildə pislənməli olan bir təcavüz nümunəsidir.

Nazirlik həmçinin Venesuelanın suverenliyini, ərazi bütövlüyünü və öz taleyini müəyyənləşdirmə hüququnu təsdiqləyib, bütün dövlətlərin və beynəlxalq təşkilatların, xüsusilə BMT Təhlükəsizlik Şurasının “qanunsuz ABŞ təcavüzünü” dərhal dayandırmaq və hücumu planlaşdıranlarla həyata keçirənlərin məsuliyyətə cəlb olunmasını təmin etmək üçün hüquqi və mənəvi məsuliyyət daşıdığını vurğulayıb.

 

Belçika

Belçikanın xarici işlər naziri bildirib ki, ABŞ hücumlarından sonra rəsmi Brüssel Venesueladakı vəziyyəti yaxından izləyir və regionda yaşayan Belçika vətəndaşlarının təhlükəsizliyini “ən yüksək prioritet” hesab edir.

Maksim Prevo “X” sosial şəbəkəsində paylaşımında deyib: “Venesueladakı mövcud vəziyyət fonunda vətəndaşlarımızın təhlükəsizliyi birinci prioritetdir. Venesuelaya olan Boqota səfirliyimiz və Brüsseldəki strukturlarımız tam səfərbərlik vəziyyətindədir.

M.Prevo vəziyyətin Avropalı tərəfdaşlarla koordinasiya şəraitində yaxından izlənildiyini əlavə edib.

 

İtaliya

İtaliyanın baş naziri Corcia Meloni yanvarın 3-də verdiyi açıqlamada Venesueladakı vəziyyəti “yaxından izlədiklərini” və ölkədəki İtaliya vətəndaşları barədə məlumat toplamağa çalışdıqlarını bildirib.

C.Meloninin İtaliyanın xarici işlər naziri Antonio Tayanı ilə daimi təmasda olduğu qeyd olunur. Hazırda Venesuelada təxminən 160 min İtaliya vətəndaşı yaşayır və onların böyük əksəriyyəti ikili vətəndaşlığa malikdir.

Antonio Tayanı Roma hökumətinin və Karakasdakı baş konsulluğun diplomatik nümayəndəliyinin vəziyyəti və ölkədəki İtaliya icması ilə əlaqədə olduğunu bildirib. A.Tayanı “X” sosial şəbəkəsindəki paylaşımında Baş nazir C.Meloninin mütəmadi şəkildə məlumatlandırıldığını vurğulayıb.

 

Kuba

Kuba rəhbərliyi də ABŞ-nin hərbi hücumlarına etiraz edib.

Kuba dövlət başçısı Migel Dias-Kanel “X” sosial şəbəkəda etdiyi paylaşımda deyib: “Kuba ABŞ-nin Venesuelaya qarşı törətdiyi cinayət xarakterli hücumu qınayır və beynəlxalq ictimaiyyətdən təcili reaksiya tələb edir.”

M.Dias-Kanel regionun amansız hücuma məruz qaldığını və bunun qəhrəman Venesuela xalqına və dövlətinə qarşı terror xarakterli bir hücum olduğunu qeyd edib.

 

İspaniya

İspaniya dövləti isə ABŞ ilə Venesuela arasında yaranmış böhranda vasitəçilik təklif edib.

İspaniya Xarici İşlər Nazirliyinin yaydığı açıqlamada bildirilir: “İspaniya gərginliyin azaldılmasına və təmkinlik nümayiş etdirilməsinə çağırır.”

Xatırladaq ki, İspaniya 2024-cü il iyulun 28-də Venesuelada keçirilmiş və rəsmi nəticələrə əsasən Nikolas Maduronun qalib elan edildiyi prezident seçkilərini tanımayıb. Müxalifət və çoxsaylı beynəlxalq müşahidəçilər seçkilərdə genişmiqyaslı saxtakarlıqların baş verdiyini iddia edib. Bu mübahisələrdən sonra müxalifətin namizədi Edmundo Qonsales Urrutiya təhlükəsizlik narahatlıqları səbəbilə ölkəni tərk edərək İspaniyanın paytaxtı Madridə gedib.

Nazirlik əlavə edib ki, İspaniya siyasi səbəblərlə ölkəsini tərk etmək məcburiyyətində qalan on minlərlə Venesuela vətəndaşını qəbul edib və bu prosesi davam etdirir, eyni zamanda ölkə üçün demokratik, danışıqlar yolu ilə əldə olunmuş və dinc həllin tapılmasına töhfə verməyə hazırdır.

MƏNBƏ:TRT