TÜRK DÜNYASI
2 dəqiqə oxuma
15 dekabr tarixi UNESCO tərəfindən “Dünya Türk Dili Ailəsi Günü” olaraq elan edilib
UNESCO-nun qərarı ilə 15 dekabr türk dillərinin ortaq mədəni irsini qeyd edən beynəlxalq gün kimi rəsmiləşdirildi
15 dekabr tarixi UNESCO tərəfindən “Dünya Türk Dili Ailəsi Günü” olaraq elan edilib
15 dekabr tarixi UNESCO tərəfindən “Dünya Türk Dili Ailəsi Günü” olaraq elan edilib
4 noyabr 2025

Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatı UNESCO türkdilli dövlətlərin ortaq dil, mədəniyyət və sənəd irsini təşviq etmək məqsədilə 15 dekabrı “Dünya Türk Dili Ailəsi Günü” elan edib.

Bu qərar, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın təşəbbüsü əsasında hazırlanmış təklifin qəbul edilməsi ilə rəsmiləşib. Təklif Özbəkistanın tarixi Səmərqənd şəhərində səsləndirilib və 30 oktyabrda başlayan, 194 ölkədən 5 minə yaxın nümayəndənin iştirak etdiyi UNESCO-nun 43-cü Baş Konfransında müzakirəyə çıxarılaraq təsdiqlənib.

Türkiyənin UNESCO-dakı daimi nümayəndəsi Gülnur Aybət qərarın qəbulundan sonra çıxış edərək bildirib:

“UNESCO nəzdində bir araya gələn Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Özbəkistan kimi bütün türk dövlətlərinə, dil ailəmizi tanıtmaq, yaşatmaq və ucaldan ortaq təqdimatlarına görə təşəkkür edirik. Həmçinin qardaş ölkə Türkmənistan da daxil olmaqla, İcraiyyə Şurası zamanı dəyərli dəstəyini göstərən 26 ortaq sponsor dövləti səmimiyyətlə minnətdarlıqla yad edirik.”

G.Aybət qeyd edib ki, dillər təkcə ünsiyyət vasitəsi deyil, eyni zamanda sivilizasiyaların ruhunu, ortaq yaddaşı, müdrikliyi və kimliyi nəsildən-nəslə daşıyan mədəni dəyərlərdir. O əlavə edib ki, türk dili bu gün 200 milyondan çox insan tərəfindən danışılır və əsrlər boyu paylaşılan tarix və mənəvi dəyərlərlə formalaşmış zəngin bir mədəni mozaikanı təmsil edir.

Daimi nümayəndə G.Aybət çıxışında həmçinin vurğulayıb:

“15 dekabr tarixi, VIII əsrə aid olan və türk dilinin ən qədim yazılı abidələrindən sayılan “Orxon-Yenisey” kitabələrinin oxunmasını simvolizə edir. Bu, türk sivilizasiyalarının ortaq mədəni və bədii irsini təcəssüm etdirən tarixi bir gündür və xalqlar arasında mədəni yaxınlaşmanı, eləcə də dialoqu təşviq edir. UNESCO-nun bu qərarı ilə çoxdilliliyə, mədəni müxtəlifliyə və xalqlar arasında dialoqa olan sarsılmaz bağlılığı bir daha təsdiqlənir.”

 

Rəsmi Ankara qərarı məmnuniyyətlə qarşılayıb

Türkiyə Xarici İşlər Nazirliyi noyabrın 3-də verdiyi açıqlamada UNESCO-nun qərarını məmnunluqla qarşıladığını bildirib.

Nazirliyin bəyanatında qeyd olunub:

“Türkiyə və qardaş türk dövlətləri tərəfindən hazırlanmış bu qərar, türk dünyasının ortaq irsi olan türk dilinin qorunması və gələcək nəsillərə ötürülməsi səylərini daha da gücləndirəcək.”

Bəyanatda həmçinin vurğulanıb ki, məşhur türkoloq Vilhelm Tomsen 1889-cu ildə kəşf edilən və türk dilinin ən qədim yazılı qaynaqları sayılan “Orxon-Yenisey” kitabələrinin türk dilində olduğunu 1893-cü il 15 dekabrda elmi ictimaiyyətə elan edib.

“Türk dünyasına və türk dilində danışan, həmçinin bu dili öyrənən dostlarımıza ürəkdən təbriklərimizi çatdırır, xoşbəxt bir Beynəlxalq Türk Dili Günü arzulayırıq”, - Nazirliyin açıqlamasında qeyd edilib.

Türkiyə Xarici İşləri Nazirliyinin bəyanatında həmçinin yaxınlaşan Dünya Türk Dili Ailəsi Günü münasibətilə bütün türk xalqlar, eləcə də türk dilini sevən və öyrənən dost ölkələr təbrik edilib.

Qeyd edək ki, UNESCO-nun 43-cü Baş Konfransı noyabrın 13-nə qədər davam edəcək.

MƏNBƏ:TRT