ABŞ İsrailə İrana qarşı aparılan müharibənin ilkin proqnozlarla müqayisədə daha uzun çəkəcəyini bəyan edib. Hörmüz boğazını yenidən açmağı hədəfləyən əməliyyatların daha bir neçə həftə davam edəcəyi gözlənilir.
İsrailin "Channel 12" televiziyasının martın 22-də yaydığı məlumata görə, Vaşinqtonun məqsədi yalnız su yolunu açmaqla məhdudlaşmır. ABŞ eyni zamanda İranın qlobal enerji bazarları üzərindəki genişmiqyaslı nüfuzuna son qoymağı hədəfləyir.
ABŞ rəsmilərinin vaxt aparsa belə, strateji bir dəyişiklik istədikləri qeyd olunur.
ABŞ prezidenti Donald Tramp dördüncü həftəsinə daxil olan hərbi əməliyyatın əvvəlcə 4-5 həftə davam edəcəyini demiş və əməliyyatların “plandan qabaq” getdiyini dəfələrlə vurğulamışdı. Lakin İsrail ordusunun sözçüsü Effi Defrin martın 22-də verdiyi açıqlamada İran və Livandakı Hizbullah qrupuna qarşı hücumların daha “bir neçə həftə” davam edəcəyinin gözlənildiyini bildirib.
ABŞ-nin "Axios" xəbər saytı isə Vaşinqton və müttəfiq paytaxtlardakı rəsmilərin münaqişə daha aşağı intensivlikli mərhələyə keçsə belə, ABŞ-nin bu prosesdəki iştirakının sentyabr ayına qədər uzana biləcəyi ehtimalına hazırlaşdıqlarını yazıb.
ABŞ-İsrail koalisiyasının İrana qarşı hücumları 28 fevralda başlayıb və o vaxtdan bəri aralarında dövrün ali lideri Əli Xameneyinin də olduğu ən azı 1 300 nəfərin öldüyü bildirilir.
İran isə buna cavab olaraq İsrail, İordaniya, İraq və ABŞ hərbi qüvvələrinin yerləşdiyi Körfəz ölkələrini hədəf alan PUA və raket zərbələri endirib.













