DÜNYA
1 dəqiqə oxuma
İsveçrə Rusiyaya qarşı yeni sanksiya paketini təsdiqləyib
Hazırda İsveçrədə Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzü ilə əlaqədar ümumilikdə 2 min 790-a yaxın fiziki şəxs, şirkət və təşkilatın aktivləri dondurulub
İsveçrə Rusiyaya qarşı yeni sanksiya paketini təsdiqləyib
İsveçrə Rusiyaya qarşı yeni sanksiya paketini təsdiqləyib. / Reuters

"Swissinfo" agentliyinin yaydığı məlumata görə, İsveçrə avqusun 19-da Avropa İttifaqının (Aİ) 20-ci sanksiyalar paketinə qoşularaq Rusiyaya qarşı yeni məhdudlaşdırıcı tədbirləri təsdiqləyib.

İsveçrə hökuməti Rusiyaya məxsus durulaşdırılmış təbii qaz (LNG) tankerlərinə, buzqıran gəmilərə və terminallara yeni qadağalar tətbiq etməklə yanaşı, tankerlərin Rusiyaya satışını və ya ötürülməsini də qadağan edib.

Hökumət, həmçinin ilk dəfə olaraq mövcud sanksiyaların üçüncü ölkələr vasitəsilə yan keçilməsinin qarşısını almağa yönəlmiş "sanksiyalardan yayınma əleyhinə mexanizm"i işə salıb.

Bundan əlavə, İsveçrə ixrac qadağalarını genişləndirərək, Rusiyanın hərbi və texnoloji potensialını, eləcə də sənaye sektorunu gücləndirə biləcək malların ölkəyə göndərilməsini məhdudlaşdırıb. Kriptovalyuta köçürmələri və mübadiləsi üçün Rusiya platformalarından istifadəyə də qadağa qoyulub.

Sənəddə, həmçinin İsveçrə şirkətlərini və onların əqli mülkiyyət hüquqlarını Rusiya məhkəmələrinin qəbul etdiyi qərarlardan qorumaq üçün hüquqi mexanizmlər nəzərdə tutulub.

Aİ aprelin 23-də 20-ci sanksiyalar paketi çərçivəsində Rusiyanın enerji sektorunu zəiflətmək və sanksiyalardan yayınma halları ilə mübarizə aparmaq məqsədilə yeni qərarlar qəbul etmişdi.

İsveçrə də 2026-cı ilin may ayında analoji addım ataraq həmin paket çərçivəsində ilk mərhələdə 115 fiziki və hüquqi şəxsi aktivlərin dondurulması siyahısına əlavə etmişdi.