Türkiyənin xarici işlər naziri Hakan Fidan və iranlı həmkarı Abbas Əraqçi arasında baş tutan telefon danışığı zamanı ABŞ ilə danışıqlar prosesindəki son vəziyyət və regional inkişaflar qiymətləndirilib.
İran mediasının yaydığı məlumatlara görə, rəsmi Vaşinqton Tehranın irəli sürdüyü son təkliflərə cavab olaraq hər hansı konkret güzəştə getməkdən imtina edib. “Fars” xəbər agentliyi bildirir ki, ABŞ tərəfi İrana beş maddədən ibarət şərtlər siyahısı təqdim edib. Həmin sənəddə Tehranın yalnız bir nüvə obyektini işlək vəziyyətdə saxlaması və yüksək dərəcədə zənginləşdirilmiş uran ehtiyatını bütövlükdə ABŞ-a təhvil verməsi tələb olunur. ABŞ rəhbərliyi rəsmi danışıqların başlamasını bütün cəbhələrdə hərbi əməliyyatların tamamilə dayandırılması şərti ilə əlaqələndirib.
İran tərəfi isə ABŞ-ın aktiv hərbi əməliyyatlar dövründə nail ola bilmədiyi güzəştləri masa arxasında qazanmağa çalışdığını və bu mövqeyə görə diplomatik prosesin dalana dirəndiyini iddia edir. Tehranın təkliflər paketi isə Livan da daxil olmaqla bütün cəbhələrdə hərbi əməliyyatların dayandırılmasını, ABŞ-ın tətbiq etdiyi dəniz blokadasının qaldırılmasını və strateji Hörmüz boğazına nəzarətin İranın ixtiyarında qalmasının tanınmasını nəzərdə tutur.
Fevral ayında ABŞ və İsrailin İrana endirdiyi zərbələrdən sonra regionda gərginlik yüksək həddə çatıb.














