Türkiyə, Əlcəzair, Cibuti, İndoneziya, Fələstin, Qətər, Küveyt, Livan, Liviya, Malayziya, Misir, Pakistan, Somali, Sudan, Suriya, Səudiyyə Ərəbistanı, Oman, İordaniya və Yəmənin xarici işlər nazirləri Kolumbiyanın İsraildəki səfirliyini Tel-Əvivdən Qüdsə köçürməsi ilə bağlı birgə bəyanat yayıblar.
Bəyanatda bildirilib ki, Türkiyə, Əlcəzair, Cibuti, İndoneziya, Fələstin, Qətər, Küveyt, Livan, Liviya, Malayziya, Misir, Pakistan, Somali, Sudan, Suriya, Səudiyyə Ərəbistanı, Oman, İordaniya və Yəmənin xarici işlər nazirləri Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasının müvafiq qərarlarına zidd olan və iki dövlətli həll əsasında ədalətli və qalıcı sülhün bərqərar edilməsinə yönəlmiş beynəlxalq səyləri axsadan bir addım kimi Kolumbiya Respublikasının Qüdsdəki Səfirliyinin açılışını kəskin şəkildə pisləyir və qətiyyətlə rədd edirlər.
Nazirlərin işğal altındakı Qüdsün hüquqi və ya tarixi statusunu dəyişdirməyi yaxud Qüdsü İsrailin paytaxtı kimi tanımağı hədəfləyən istənilən tədbir və ya qərarın hökmsüz olduğunu və hüquqi nəticə doğurmayacağını təsdiqlədiyi bəyanatda qeyd olunub: "Bu mövqe Qüdsün xarakterini və ya statusunu dəyişdirməyə yönəlmiş cəhdləri rədd edən və dövlətlərə 1967-ci ildə işğal edilmiş Fələstin torpaqlarının bir hissəsi olan Qüdsdəki diplomatik missiyalarını geri çəkmələri barədə çağırış edən BMT Təhlükəsizlik Şurasının 476 (1980) və 478 (1980) saylı qərarları başda olmaqla, BMT Təhlükəsizlik Şurasının və BMT Baş Assambleyasının müvafiq qərarları ilə üst-üstə düşür".
Bəyanatda nazirlərin Kolumbiya hökumətini sözügedən qərarını yenidən qiymətləndirməyə və ləğv etməyə, beynəlxalq hüquq çərçivəsindəki öhdəliklərinə riayət etməyə və Fələstin xalqının paytaxtı Şərqi Qüds olan müstəqil və suveren Fələstin Dövlətinə sahib olmaq hüququ da daxil olmaqla, qanuni hüquqlarına xələl gətirən tədbirlərdən çəkinməyə çağırdığı bildirilib.
Kolumbiya 46 ildən sonra səfirliyini Qüdsə köçürüb
Kolumbiya Tel-Əvivdə yerləşən İsrail səfirliyini 46 illik fasilədən sonra Qüdsə köçürüb.
İsrailin xarici işlər naziri Gideon Saar və kolumbiyalı həmkarı Omar Bula Eskobar Qüdsdəki yeni səfirlik binasının açılış mərasimində iştirak ediblər.
İsrail 1967-ci ildə işğal etdiyi Şərqi Qüdsü də ərkib hissəsinə daxil edərək, 1980-ci ildə təktərəfli qaydada Qüdsü "paytaxtı" elan etmişdi. Lakin dünya miqyasında bir çox ölkə Qüdsü İsrailin paytaxtı kimi qəbul etmir və səfirliklər Tel-Əvivdə fəaliyyət göstərir.
ABŞ, Qvatemala, Honduras, Kosovo, Paraqvay, Papua-Yeni Qvineya və Ficinin İsraildəki səfirlikləri Qüdsdə yerləşir. Həmçinin Somalidən təktərəfli müstəqillik elan edən və İsrail tərəfindən tanınan Somalilend İsraildəki qondarma səfirliyini Qüdsdə açıb.




















