Pakistan Baş naziri Şahbaz Şərif Çinə səfər edib. Səfərin əsas məqsədi iki ölkə arasında strateji koordinasiyanı gücləndirməkdir. Baş naziri səfər çərçivəsində Baş nazirin müavini və xarici işlər naziri İshaq Dar, həmçinin Nazirlər Kabinetinin digər üzvləri və rəsmi şəxslər müşayiət edirlər.
Şahbaz Şərif ilk olaraq Çinin Xancou şəhərinə səfər edib. O, burada keçiriləcək Pakistan-Çin İnformasiya Texnologiyaları və Telekommunikasiya, Batareya Enerjisi Saxlama Sistemləri və Kənd Təsərrüfatı üzrə İnvestisiya Konfransına sədrlik edəcək. Baş nazirin daha sonra paytaxt Pekinə səfər etməsi planlaşdırılır. O, burada Çin Xalq Respublikasının prezidenti Si Cinpin və Baş nazir Li Çianq ilə görüşəcək.
Si Cinpinin Pakistan Baş nazirini qəbul etməsi böyük əhəmiyyət kəsb edir, çünki rəsmi Pekin ABŞ-İran müharibəsinə son qoymaq üçün aparılan danışıqlar çərçivəsində bu ay bir neçə xarici liderə ev sahibliyi edib.
Xatırladaq ki, fevralın 28-də başlayan, 3300-dən çox insanın ölümünə və minlərlə insanın didərgin düşməsinə səbəb olan münaqişə aprelin 8-də Pakistanın vasitəçiliyi ilə əldə olunmuş atəşkəs sayəsində dayandırılıb. Şahbaz Şərif səfər çərçivəsində həmçinin iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 75-ci ildönümünə həsr olunmuş tədbirlərdə iştirak edəcək.
Pakistan Xarici İşlər Nazirliyindən verilən bəyanatda bildirilib ki, bu səfərin tərəflər arasında siyasi etimadı daha da dərinləşdirəcəyi, strateji koordinasiyanı gücləndirəcəyi, praktiki əməkdaşlığı genişləndirəcəyi və Pakistan ilə Çin arasındakı dostluq əlaqələrini daha da möhkəmləndirəcəyi gözlənilir.













