ABŞ mediasında yer alan bir xəbərə görə, İranın Səudiyyə Ərəbistanındakı Şahzadə Sultan Hava Bazasına təşkil etdiyi raket hücumunda ikisi ağır olmaqla ən az 12 Amerika əsgəri yaralanıb, bəzi Amerika yanacaqdoldurma təyyarələrinə isə zərər dəyib.
"The Wall Street Journal"ın xəbərinə görə rəsmilər, hücumda pilotsuz uçuş aparatlarının da iştirak etdiyini bildiriblər.
Sözügedən hücum ABŞ Mərkəzi Komandanlığının İranla müharibənin dördüncü həftəsində 300-dən çox ABŞ əsgərinin yaralandığını bildirməsi ilə birlikdə, regional gərginliyin daha da artdığı bir dövrdə baş verib.
Dövlət katibi Marko Rubio müharibənin “iki-dörd həftə daha” davam edə biləcəyini və Hörmüz boğazından keçən gəmilərdən İranın keçid haqqı almasının qarşısını almağın müharibədən sonrakı mühüm bir çətinlik olacağını qeyd edərkən, belə bir təşəbbüsü “qeyri-qanuni” və “dünya üçün təhlükəli” kimi xarakterizə edib.
Bundan əlavə, İsrail İrana genişmiqyaslı hücum təşkil edib.
İnkişafların ardınca neft qiymətləri barel başına 100 dolların üzərinə çıxarkən, ABŞ birjaları Prezident Donald Trampın İranın enerji sektoruna yönəlik hücumları dayandırmasından sonra enişə keçib.
Yəməndə husilər müharibəni genişləndirə biləcəklərinin siqnalını veriblər. Ölkənin böyük hissəsinə nəzarət edən qrup daha çox dövlət Tehrana qarşı müharibəyə qoşularsa və ya ABŞ yaxud İsrail əməliyyatlar üçün Qırmızı dənizdən istifadə edərsə, “birbaşa hərbi müdaxilə üçün hazır” olacağını bildirib.
Trampın Tehrana marşrutu yenidən açması üçün verdiyi müddəti uzatmasından bir gün sonra İran martın 27-də üç gəmiyə Hörmüz boğazından keçməmələri barədə xəbərdarlıq etdiyini açıqlayıb.
ABŞ və İsrail hücumlarına qisas olaraq İran İsrail, İordaniya, İraq və ABŞ hərbi qüvvələrini saxlayan Körfəz ölkələrini hədəf alan pilotsuz uçuş aparatı və raket dalğaları ilə qarşılıq verərək can itkilərinə və infrastruktur ziyanına səbəb olub..









