DÜNYA
2 dəqiqə oxuma
İsrail qüvvələri Suriyanın Kuneytra bölgəsinə basqın edib
Bu barədə yerli media orqanları məlumat yayıb
İsrail qüvvələri Suriyanın Kuneytra bölgəsinə basqın edib
İsrail qüvvələri Suriyanın Kuneytra bölgəsinə basqın edib / Reuters
6 yanvar 2026

İsrail hərbi qüvvələri Suriyanın cənubundakı Kuneytra bölgəsinə basqın edərək ölkənin suverenliyini növbəti dəfə pozub. Bu barədə yerli media orqanları məlumat yayıb.

Suriyanın rəsmi SANA xəbər agentliyinin bildirdiyinə görə, üç nəqliyyat vasitəsindən ibarət İsrail patrulu Bir Əcəm şəhərindən keçərək Kuneytranın cənubundakı Bariqa və Kudna kəndləri istiqamətində hərəkət edib.

Agentlik həmçinin qeyd edib ki, 12 hərbi nəqliyyat vasitəsindən ibarət başqa bir İsrail bölməsi Tal Əbu Qeytar aşırımı vasitəsilə Səidə əl-Hanout kəndinə daxil olub. Bölmə daha sonra Ruzaniya kəndinə, oradan isə Səidə əl-Qolan istiqamətində irəliləyib.

Məlumata əsasən, İsrail əsgərləri Səidə əl-Qolanın qərb qovşağında yolu bağlayıb. Digər bir hərbi qrup isə kəndə qısa müddətlik daxil olaraq bir evdə axtarış aparıb və daha sonra ərazini tərk edib.

Qeyd edək ki, bu basqınlar 1974-cü ildə ABŞ-ın vasitəçiliyi ilə Dəməşq və Təl-Əviv arasında imzalanmış gərginliyin azaldılması sazişinin bərpası məqsədilə danışıqların başladığına dair rəsmi açıqlamalara baxmayaraq baş verib.

Yeni basqınlarla bağlı nə İsrail ordusu, nə də Suriya hakimiyyəti hər hansı açıqlama verib.

İsrail qüvvələri demək olar ki, hər gün Suriya ərazisinə xüsusilə Kuneytra bölgəsinə basqınlar həyata keçirir, mülki şəxsləri saxlayır, yoxlama məntəqələri qurur, yoldan keçənləri dindirir və əkin sahələrinə ziyan vurur.

Xatırladaq ki, 2024-cü ilin sonlarında Bəşər Əsəd rejiminin devrilməsindən sonra İsrail Suriyada yerləşən silahsızlaşdırılmış bufer zonasını ələ keçirərək və Qolan təpələrində işğalı genişləndirərək Suriya ilə imzalanmış 1974-cü il müqaviləsini pozub.