Türkiyə ilə Səudiyyə Ərəbistanı mərkəzli “ACWA Power” şirkəti bu il Antalyada keçiriləcək Birləşmiş Millətlər Təşkilatının (BMT) iqlim zirvəsi COP31 çərçivəsində 5 giqavatlıq bərpa olunan enerji əməkdaşlığı sazişinin ikinci mərhələsini imzalamağa hazırlaşır. Şirkətin Direktorlar Şurasının sədri Məhəmməd Əbunəyyan bu barədə “Anadolu” agentliyinə açıqlama verib.
İmzalanması planlaşdırılan saziş hökumətlər arasında razılaşdırılmış 3 giqavatlıq gücü əhatə edəcək. Bu həftə Türkiyənin Sivas və Karaman vilayətlərində həyata keçiriləcək ilk 2 giqavatlıq günəş enerjisi layihələrinə dair saziş imzalanmışdı.
M.Əbunəyyan İstanbulda “Sivas” və “Taşeli” günəş elektrik stansiyaları ilə bağlı imza mərasimi çərçivəsində fevralın 20-də “Anadolu” agentliyinə verdiyi müsahibədə, “COP31-ə qədər bərpa olunan enerji və enerji saxlanması sahələrində 3 giqavatlıq saziş imzalayacağıq”, — deyib.
Yeni mərhələnin “günəş, külək və enerji saxlanmasının qarışığı” olacağını bildirən M.Əbunəyyan şirkətin ilk 2 giqavatlıq günəş layihələrinə enerji saxlanması sistemlərinin inteqrasiyasını da nəzərdən keçirdiyini qeyd edib.
Bu həftə imzalanan birinci mərhələ fevralın 3-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Səudiyyə Ərəbistanına səfəri zamanı razılaşdırılmış 5 giqavatlıq geniş çərçivənin tərkib hissəsidir. M.Əbunəyyan bildirib ki, icazə və ekoloji təsdiq prosedurları tamamlandıqdan sonra 2 giqavatlıq günəş gücünün elektrik stansiyasının tikintisinə gələn il başlanması gözlənilir, ilk elektrik enerjisinin isə 2028-ci ilin əvvəlində şəbəkəyə verilməsi hədəflənir.
“Bu 2 giqavat üzrə ilk elektrik enerjisini 2028-ci ilin əvvəlində sistemə verəcəyik və 2028-ci il ərzində hamısını istehsal vəziyyətinə gətirəcəyik”, — deyən M.Əbunəyyan layihəni çox sürətlə irəliləyən layihə kimi səciyyələndirib.
Qeyd edək kji, COP31-in 9–20 noyabr tarixlərində keçirilməsi planlaşdırılır və tədbirə Antalyanın ev sahibliyi edəcəyi bildirilir. Liderlər sammitinin isə İstanbulda təşkil ediləcəyi gözlənilir. Təxminən 200 ölkənin qatılmasının nəzərdə tutulduğu BMT iqlim danışıqlarında Paris Sazişinin icrası, emissiyaların azaldılması hədəfləri, uyğunlaşma tədbirləri, iqlim maliyyələşdirilməsi və karbon bazarı mexanizmləri müzakirə olunacaq.
Türkiyənin 120 giqavatlıq bərpa olunan enerji hədəfi
M.Əbunəyyan ilk layihələrin yerli töhfə və Türkiyə podratçılarının iştirakını nəzərdə tutacağını bildirərək, Türkiyədə təsəvvür edilə biləcək ən rəqabətqabiliyyətli elektrik qiymətlərini təklif edəcəyini deyib. O, “Türkiyədə düşünə biləcəyiniz ən rəqabətqabiliyyətli xərci təmin edəcək. Yerli tərkib təklif edəcək”, — ifadələrini işlədib.
Türkiyənin bərpa olunan enerji strategiyasını “əla” və “iddialı” kimi qiymətləndirən M.Əbunəyyan ölkənin 2035-ci ilə qədər əlavə 80 giqavat bərpa olunan enerji gücü yaratmaq hədəfini xatırladıb və “Bu layihə… əslində həmin 80 giqavatın başlanğıcıdır”, — deyib.
Türkiyə 2035-ci ilə qədər ümumi quraşdırılmış günəş və külək gücünü 120 giqavata çatdırmağı hədəfləyir. Bu, mövcud səviyyələrə təxminən 80 giqavat əlavə edilməsi deməkdir. Həmin hədəfə çatmaq üçün ölkənin hər il təxminən 9 giqavat yeni güc quraşdırması tələb olunur.
M.Əbunəyyan ikinci mərhələni iqlim zirvəsinin diplomatik tərəfi ilə əlaqələndirərək deyib: “Türkiyə ilə Səudiyyə Ərəbistanı arasındakı tərəfdaşlığı bütün dünyaya göstərmək üçün bu böyük COP31-dən daha yaxşı fürsət tapa bilmərik. Türkiyə və Səudiyyə Ərəbistanı təkcə vəd vermir və ya danışmır; eyni zamanda həyata keçirir.”
M.Əbunəyyan 5 giqavatlıq çərçivə üzrə ümumi investisiyanın 4–5 milyard dollar səviyyəsinə çatmasının gözlənildiyini bildirərək, bu əməkdaşlığın Türkiyə ilə iqtisadi münasibətlərin daha da güclənəcəyini vurğulayıb.
Maliyyələşdirmə məsələsinə toxunan M.Əbunəyyan layihələrin öz vəsaiti ilə beynəlxalq borcun birləşdiyi layihə maliyyələşdirilməsi modeli əsasında icra olunacağını deyib: “Bir çox maliyyə qurumu bunun arxasında olacaq və reallaşmasını təmin edəcək.”
Türkiyədə iqtisadi şəraitin yaxşılaşmasına və yüksələn kredit reytinqlərinə də işarə edən M.Əbunəyyan maliyyələşdirmə prosesinin 2027-ci ildə tamamlanmasının hədəfləndiyini qeyd edib.
Günəş və küləkdən əlavə, “ACWA Power”ın Türkiyədə yaşıl hidrogen və dəniz suyunun təmizlənməsi sahələrində də imkanları qiymətləndirdiyini bildirən M.Əbunəyyan bərpa olunan enerji, enerji saxlanması və hidrogenin uzunmüddətli karbonsuzlaşmanın mərkəzində yer alacağını deyib.
















