Fransanın paytaxtında yayımlanan “Le Parisien” qəzetinin xəbərinə görə, Cənubi Afrika Respublikasının (CAR) Fransadakı səfiri Nkosinati Emmanuel Mtetva Parisin qərb bölgəsində yerləşən çoxmərtəbəli “Hyatt” otelinin qarşısında cansız vəziyyətdə aşkarlanıb.
Prokurorluq diplomatın sentyabrın 29-da itkin düşməsi barədə məlumat verildiyini, daha sonra isə Parisdəki “Hyatt” otelinin önündə meyitinin tapıldığını təsdiqləyib. Məlumata görə, səfirin Parisdəki otelin 22-ci mərtəbəsindən düşdüyü ehtimal edilir. Hadisənin intihar olub-olmaması ilə bağlı araşdırma aparılır.
Cənubi Afrika Respublikası səfirliyinin rəsmi internet səhifəsində bildirilib ki, Nkosinati Emmanuel Mtetva 2014–2019-cu illərdə ölkəsinin İncəsənət və Mədəniyyət naziri, 2019–2023-cü illərdə isə İdman naziri vəzifəsini icra edib.
“Le Parisien” qəzeti yazır ki, səfir həyat yoldaşına narahatedici bir mesaj göndərdikdən sonra yoxa çıxmışdı. Bildirilir ki, Fransadakı Cənubi Afrika Respublikasının səfirliyi hadisə ilə bağlı rəsmi açıqlama verməyib.





