Rusiya və Ukrayna arasında qarşılıqlı irimiqyaslı dron hücumları olub. Hücumlar nəticəsində azı 3 nəfər ölüb, onlarla insan yaralanıb.
Rusiya tərəfinin məlumatına görə, Perm bölgəsindəki sənaye müəssisəsinə düşən dron 1 nəfərin ölümünə səbəb olub. Ulyanovskda 8, Voronejdə isə 4 nəfərin xəsarət aldığı bildirilib. Rostov vilayətindəki neft emalı zavoduna ziyan dəyib.
Rusiya Müdafiə Nazirliyi ümumilikdə 18 bölgə, Qara dəniz və Krım üzərində Ukraynaya məxsus 592 dronun vurulduğunu açıqlayıb.
Qeyd edək ki, Ukrayna ərazisi də ağır zərbələrə məruz qalıb. Rusiya qüvvələri Kiyev yaxınlığındakı dron istehsal edən zavoda, həmçinin Odessadakı logistika mərkəzləri və limanlara zərbələr endirildiyini bildirib. Ukrayna Hərbi Hava Qüvvələri Rusiyanın ölkə istiqamətində buraxdığı 295 pilotsuz uçuş aparatından 267-sinin məhv edildiyini bəyan edib.























