Bakının daşnak-bolşevik işğalından azad olunmasından 108 il ötür.
1918-ci il sentyabrın 15-də Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu və Azərbaycan Korpusu Bakıya daxil olaraq şəhəri erməni-bolşevik işğalından azad edib. Bununla da həm Azərbaycanın müstəqilliyi təmin olunub, həm də ermənilərin və bolşeviklərin Bakı və ətraf rayonlardakı ağalığına son qoyulub.
Azərbaycan xalqı 108 il əvvəl Anadoludan qardaş köməyinə gələn türk əsgərlərini və onların komandanı Nuri Paşanı bu gün də böyük ehtiramla yad edir.
1918-ci il mayın 28-də müstəqilliyini elan edən Azərbaycan Osmanlı İmperiyası ilə ilk rəsmi sazişini imzaladı. İyunun 4-də Batumidə imzalanan bu sənəd iki ölkə arasında siyasi, ticarət və hərbi əlaqələrin qurulmasını nəzərdə tuturdu.
Sazişin 4-cü maddəsinə əsasən, Azərbaycan ingilis qüvvələrindən, erməni və bolşevik dəstələrindən qorunmaq üçün Osmanlı hökumətindən kömək istədi. Osmanlı hökuməti qardaş Azərbaycanın ərazi bütövlüyünü təmin etmək məqsədilə Nuru Paşanın komandanlığı ilə Qafqaz İslam Ordusunu Azərbaycana göndərdi.
Nuri Paşa Fələstin cəbhəsindən gələn 106-cı və 107-ci piyada alaylarını, həmçinin 56-cı artilleriya alayını bir araya gətirərək Qafqaz İslam Ordusunu qurdu və Azərbaycana doğru hərəkətə başladı.
Yerli qüvvələrdən qoşulan 1000 nəfərlə birlikdə ordunun şəxsi heyəti 12 min nəfərə çatdı. Göyçay, Salyan, Ağsu və Kürdəmiri düşməndən azad edən Osmanlı əsgərləri 30 saat davam edən döyüşlərdən sonra 1918-ci il sentyabrın 15-də Bakını azad etdilər.
Bakı sakinlərinin böyük coşğu və sevinclə qarşıladığı türk əsgərlərinin şərəfinə şəhərdə hərbi parad keçirildi.
Bakının azadlığı uğrunda gedən döyüşlərdə Qafqaz İslam Ordusu 1130 şəhid verdi. Qəhrəman türk əsgərlərinin məzarları bu gün Bakı ilə yanaşı, Şəki, Şamaxı, Göyçay, Kürdəmir, Neftçala, Hacıqabul və Qubada yerləşir.





















