Yəməndə Husilərin müvəqqəti paytaxt Ədəndəki Əl-Maşiq Prezident Sarayını hədəf alan hücumunda ilkin məlumatlara görə 5 nəfərin həyatını itirdiyi, 16 nəfərin yaralandığı bildirilib.
Yəmənin İnformasiya naziri Muammar əl-İryani "X" sosial media platformasındakı hesabından verdiyi bəyanatda husilərin Ədəndəki Əl-Maşiq Prezident Sarayına 5 raketlə hədəf aldığını bildirib.
İryani Əl-Maşiq Prezident Sarayında olan Yəmən Baş naziri və kabinet üzvlərinin səhhətinin yaxşı olduğunu deyib..
Yəmənin səhiyyə naziri Qasım Buhaybeh "Facebook" hesabından verdiyi bəyanatda Sarayı qorumaqla vəzifəli mühafizəçilər və mülki heyətdən 5 nəfərin öldüyünü, 16 nəfərin yaralandığını qeyd edib.
Nazirlər Kabinetindən verilən bəyanatda Əl-Maşiq Prezident Sarayına PUA və raketlərlə həyata keçirilən, insan tələfatına və yaralanmalara səbəb olan hücumun "Husilərin Yəmən xalqının dövlət hakimiyyətini bərpa etmək iradəsi qarşısında uğursuzluğa düçar olduqdan sonra mülki infrastrukturu hədəf alan dağıdıcı əməllərə müraciət etdiyini aydın şəkildə göstərdiyi" vurğulanıb.
Bəyanatda hücumun dövlətin və hökumətin qətiyyətini zəiflətməyəcəyi, husilərin çevrilişinə son qoymaq üçün mübarizənin davam etdiriləcəyi qeyd olunub.
Beynəlxalq ictimaiyyətə isə hücumlar qarşısında aydın və qətiyyətli mövqe nümayiş etdirmək, mülki şəxslərin və mülki infrastrukturun hədəf alınmasının qarşısını almaq üçün lazımi təzyiqləri göstərmək çağırışı edilib.
Yəmən husilərin 2014-cü ilin sentyabrında paytaxt Səna və bəzi vilayətləri nəzarətə götürməsindən sonra başlayan vətəndaş müharibəsinə səhnə olur.
Ölkədə hökumət qüvvələri ilə husilər arasındakı toqquşmalar humanitar böhranı dərinləşdirməyə davam edərkən, Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi Ərəb Koalisiyası 2015-ci ilin martından bəri beynəlxalq ictimaiyyət tərəfindən tanınan Yəmən hökumətinə dəstək verir.




















