Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin enerji strategiyası ilə əlaqəli Ermənistanın Azərbaycan da daxil olmaqla qonşu ölkələrlə elektrik enerjisi ticarətinə açıq olduğunu bəyan edib.
Jurnalistlərə açıqlama verən Paşinyan süni intellekt sektoruna qoyulan investisiyaların Ermənistanın enerji tələbatını artıra biləcəyini, bu səbəbdən enerji strategiyasına yeni şərtlərə uyğun düzəlişlərin edilməli olduğunu vurğulayıb.
Paşinyan ölkədə günəş elektrik stansiyalarının və enerji saxlanması qurğularının inkişafını prioritet hesab etdiklərini, enerji müstəqilliyini isə əsas strategiya kimi müəyyənləşdirdiklərini diqqətə çatdırıb.
Nikol Paşinyan beynəlxalq enerji ticarətindən tamamilə kənarda qalmayacaqlarını bildirərək deyib:
"Ehtiyac olduqda elektrik enerjisi ixrac edə, lazım gəldikdə isə idxal edə bilərik. Türkiyə, İran, Gürcüstan və digər qonşu ölkələrlə olduğu kimi, bura Azərbaycanla da elektrik enerjisinin idxalı və ixracı üzrə ehtimal edilən əməkdaşlıq daxildir".
Azərbaycanlı mütəxəssislərin Ermənistana gözlənilən səfərini təsdiqləyən Paşinyan iki ölkə arasında infrastruktur məsələləri ilə bağlı ikitərəfli işlərin aparıldığını və ekspertlərin 2025-ci ilin sentyabr ayına qədər Ermənistana səfər edəcəklərini qeyd edib.
"Əminəm ki, yaxın gələcəkdə Azərbaycana da ixrac olacaq"
“Qarşılıqlı ticarət məsələsi gündəmdədir. Yaxın vaxtlarda Ermənistandan Azərbaycana ixrac tədarükləri həyata keçiriləcək”, - Baş nazir deyib.
Xatırladaq ki, iki gün əvvəl Azərbaycan Prezidenti İlham Əliyev AZTV-yə müsahibəsində Ermənistana elektrik enerjisi ixrac edə biləcəklərini, həmçinin Ermənistan ərazisində elektrik dirəklərinin quraşdırılacağı yerlərin azərbaycanlı mütəxəssislər tərəfindən aparılan tədqiqatlar nəticəsində artıq müəyyənləşdirildiyini bildirmişdi.























