TÜRKİYƏ
1 dəqiqə oxuma
Berlində Almaniya və Türkiyə müdafiə nazirlərinin görüşü baş tutub
Almaniya dövləti Türkiyənin Avropa təhlükəsizliyindəki rolunu dəstəklədiyini bəyan edib
Berlində Almaniya və Türkiyə müdafiə nazirlərinin görüşü baş tutub
Berlində Almaniya və Türkiyə müdafiə nazirlərinin görüşü baş tutub / Reuters
21 saat əvvəl

Almaniyanın müdafiə naziri Boris Pistorius yanvarın 16-da Berlində türkiyəli həmkarı Yaşar Güler ilə apardığı danışıqlardan sonra Türkiyənin Avropa təhlükəsizliyinə verdiyi mühüm töhfəni yüksək qiymətləndirib.

Almaniya Müdafiə Nazirliyinin binasında baş tutan görüşdə nazirlər Ukrayna və Suriyadakı son vəziyyəti, ikitərəfli müdafiə əməkdaşlığını, həmçinin qarşıdan gələn NATO sammitinə hazırlıq məsələlərini müzakirə ediblər.

B.Pistorius verdiyi açıqlamada deyib: “Almaniya Avropa təhlükəsizliyinə mühüm töhfə verən Türkiyəni vacib müttəfiq kimi qiymətləndirir. Türkiyə Silahlı Qüvvələri Alyansın cənub cinahının təhlükəsizliyinin təmin olunmasına əhəmiyyətli dərəcədə töhfə verir.”

NATO üzvləri arasında ortaq maraqlara diqqət çəkən Almaniya müdafiə naziri bildirib ki, ikitərəfli müdafiə əməkdaşlığı mövcud alyans çərçivəsi xaricində də möhkəmləndirilməlidir. Onun sözlərinə görə, Almaniya və Türkiyənin Alyans daxilində möhkəm köklərə malik təhlükəsizlik və müdafiə münasibətləri mövcuddur və Berlin hökuməti Ankara rəhbərliyi ilə ikitərəfli əməkdaşlığı daha da inkişaf etdirmək niyyətindədir.

Açıqlamada həmçinin qeyd olunub ki, nazirlər iyul ayında Ankarada keçiriləcək NATO sammitinin gündəliyində duran məsələləri də müzakirə ediblər. Sammitdə Alyansın təhlükəsizlik təhdidlərinə qarşı hərtərəfli yanaşması nəzərdən keçiriləcək və yaranacaq hər cür risklərə qarşı hazırlıq məsələləri müzakirə olunacaq.

MƏNBƏ:TRT