Vasitəçilik prosesinə yaxın olan iki pakistanlı hökumət mənbəsi Pakistanın ABŞ və İran arasında müharibəni dayandırmağa yönəlmiş və hazırda dayanan sülh danışıqlarının ikinci mərhələsinə gələn həftə ev sahibliyi etməyi gözlədiyini bildirib.
Mənbələr mayın 6-da “Anadolu” agentliyinə verdikləri açıqlamada İslamabadın, ABŞ və İranın Trampın 14-15 may tarixlərində Çinə edəcəyi səfərindən əvvəl "ilkin" razılığa gəlməsini gözlədiyini qeyd ediblər.
Mənbələrdən biri Vaşinqtonun "Azadlıq Əməliyyatı"nı dayandırmasına və bu həftə saxlanılan İran gəmisi ilə heyətinin sərbəst buraxılmasına istinad edərək: "Son hadisələri nəzərə aldıqda, Pakistan Orta Şərqdəki münaqişəni danışıqlar yolu ilə həll etmək üçün tərəflər arasındakı görüşlərin gələn həftə yenidən başlamasına ümid edir", -deyə bildirib.
Mənbə əlavə edib ki: "İki tərəf arasındakı məsələlərin demək olar ki, 80-85 faizi artıq həll olunub. Lakin əsas nüvə məsələsi hələ də böyük bir maneə olaraq qalır".
İran təklifi qəbul edərsə, müharibə bitə bilər
Digər tərəfdən, ABŞ prezidenti Donald Tramp da mayın 6-da İranın razılaşdırılmış məqamlara əməl edəcəyi təqdirdə ABŞ-İsrailin İrana qarşı müharibəsinin başa çata biləcəyini və Hörmüz boğazının yenidən açıla biləcəyini söyləyib.
Tramp "Truth Social" paylaşımında: "İranın əldə edilmiş razılaşmaların şərtlərini yerinə yetirməyə razılaşacağı fərz edək. O zaman "Epik qəzəb" sona çatacaq və Hörmüz boğazının blokadası İran da daxil olmaqla hamı üçün açıla bilər" deyib.
Tramp onu da deyib ki, qəbul etməsələr, bombardman başlayacaq və təəssüf ki, əvvəlki səviyyədən qat-qat yüksək dərəcədə və intensivlikdə olacaq.
Bundan əvvəl ABŞ İranın nüvə proqramı ilə bağlı danışıqları təxirə salıb Hörmüz boğazı məsələsini müzakirələrə daxil etmək təklifini rədd etmişdi. Lakin Vaşinqton daimi atəşkəsə yönəlmiş danışıqlarda nüvə proqramının gündəmdə saxlanılmasında israr edib.









