İran Prezidenti Məsud Pezeşkian ölkəsinin artan iqtisadi təzyiqlər fonunda təchizat zəncirlərini qorumaq məqsədilə mühüm bəyanatla çıxış edib.
Prezident Aparatının yaydığı məlumata görə, M.Pezeşkian qida və dərman idxalını təmin etmək üçün qonşu dövlətlərin liderləri və regional tərəfdaşlarla şəxsən görüşməyə hazır olduğunu bildirib.
O, iqtisadiyyat nazirləri, Mərkəzi Bankın sədri və digər yüksək vəzifəli rəsmilərin iştirakı ilə keçirilən iclasda strateji məhsulların tədarükündə yaranan hər hansı maneəni operativ şəkildə həll etmək üçün bütün siyasi və regional imkanların səfərbər ediləcəyini vurğulayıb.
Görüşdə daxili bazarda qiymət artımını cilovlamaq məqsədilə fərqli nəqliyyat marşrutlarının tapılması və qonşu dövlətlərin logistika potensialından daha geniş istifadə olunması barədə qərar qəbul edilib.
Bu xüsusda, İranın şimal limanlarının fəaliyyətinin genişləndirilməsi, həmçinin Azərbaycan, Rusiya və Pakistanla əməkdaşlığın gücləndirilməsi tapşırılıb.
Eyni zamanda, regional quru sərhəd keçid məntəqələrinin buraxılış gücünün artırılması və Çindən dəmir yolu vasitəsilə əczaçılıq məhsullarının gətirilməsi imkanları nəzərdən keçirilib.
M.Pezaşkyan Xarici İşlər Nazirliyinə iqtisadi diplomatiyadan daha səmərəli istifadə etməyi tapşıraraq, gömrük və daşınma prosedurlarının xalqın ehtiyaclarının ödənilməsinə mane olmamalı olduğunu qeyd edib.












