Rəsmi Ankara və Vaşinqton Türkiyənin enerji mənbələrini şaxələndirmək və uzunmüddətli enerji təhlükəsizliyini möhkəmləndirmək səyləri çərçivəsində qabaqcıl nüvə texnologiyası üzrə əməkdaşlığı genişləndirir.
Türkiyə ilə ABŞ arasında nüvə enerjisi sahəsində əməkdaşlıq sazişi imzalanıb.
Enerji və Təbii Sərvətlər Nazirliyindən verilən açıqlamaya görə, yeni nüvə elektrik stansiyası layihələrinin işlənilməsindən cavabdeh olan Türkiyə Nüvə Enerjisi Səhmdar Cəmiyyəti (TÜNAŞ) ilə ABŞ Ticarət və İnkişaf Agentliyi (USTDA) birgə layihə həyata keçirəcək.
Prezident Rəcəb Tayyib Ərdoğanın Birləşmiş Millətlər Təşkilatının 81-ci Baş Assambleyasında iştirak etmək üçün səfərdə olduğu Nyu-Yorkda Türkiyə ilə ABŞ arasında nüvə sahəsində yeni əməkdaşlığın təməli qoyulub. TÜNAŞ və USTDA arasında layihə əsaslı saziş imzalanıb. “Türk Evi”ndə keçirilən imzalama mərasimində enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar iştirak edib, imzaları isə TÜNAŞ-ın Baş direktoru Necati Yamaç və USTDA direktor müavini Tomas Hardi qoyublar.
Sazişlə 4 amerikalı şirkətin kiçik modullu reaktor (SMR) layihələri və ABŞ şirkətlərinin 5 fərqli 4-cü nəsil reaktor layihələri texniki, iqtisadi, qanunvericilik və lisenziyalaşdırma baxımından qiymətləndiriləcək.
Enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar "NSosyal" hesabındakı paylaşımında ABŞ səfəri çərçivəsində TÜNAŞ ilə USTDA arasında SMR və 4-cü nəsil reaktorlara yönəlmiş Qrant sazişinin imzalama mərasimində iştirak etdiklərini bildirərək bunları deyib:
"Şahidi olduğumuz bu saziş sayəsində yeni nəsil nüvə texnologiyalarının ölkəmiz üçün texniki, iqtisadi və qanunvericilik aspektlərində tətbiqolunma imkanlarını əhatəli şəkildə qiymətləndirəcəyik. 2053-cü il Xalis Sıfır Emissiya və enerjidə tam müstəqillik hədəflərimizə uyğun olaraq enerji imkanlarımızı şaxələndirməkdə qərarlıyıq. Böyükmiqyaslı nüvə elektrik stansiyalarımızla yanaşı, ölkəmizin ehtiyaclarına ən uyğun alternativləri həsas şəkildə araşdıraraq güclü və müasir enerji infrastrukturu qurmağa qətiyyətlə davam edəcəyik".
Nazir A.Bayraktar ötən il sentyabrın 25-də Prezident Rəcəb Tayyib Ərdoğan ilə ABŞ Prezidenti Donald Trampın Ağ Evdə keçirdiyi görüşdə ABŞ Dövlət katibi Marko Rubio ilə birlikdə Strateji Mülki Nüvə Əməkdaşlığı Anlaşma Memorandumunu imzalamışdı.





















