Rusiya Prezident Aparatının mətbuat katibi Dmitriy Peskov paytaxt Moskvada jurnalistlərə gündəmdəki aktual mövzularla bağlı açıqlamalar verib.
D.Peskov NATO hərbi birləşmələrinin Ukraynada yerləşdirilməsi ehtimalının qəbuledilməz olduğunu vurğulayaraq deyib: "Rusiya sülh yolu ilə həll variantlarına açıqdır. Lakin hazırda belə bir imkan olmadığı üçün Ukraynada xüsusi hərbi əməliyyatı davam etdiririk."
Mətbuat katibi D.Peskov Finlandiya prezidenti Aleksandr Stubbın "Ukraynanın Rusiya infrastrukturuna pilotsuz uçuş aparatları (PUA) ilə hücumları Rusiya üçün müharibənin xərclərini artırır və bu addım dəstəklənməlidir" fikirlərinə münasibət bildirərək deyib: "Bu bəyanat bizi təəccübləndirdi. Çünki A.Stubb daha əvvəl də Rusiya ilə münasibətlərin tez və ya gec bərpa olunmasının zəruriliyi barədə açıqlama vermişdi. Lakin indi gərginliyi artıran bəyanatlar eşidirik. A.Stubb bu bəyanatlarla müharibə tərəfdarları arasında öndə gedir. O, Böyük Britaniyanın Baş naziri ilə birlikdə son günlər militarist bəyanatlar səsləndirib. Onlar müharibənin davam etməsini istəyir və döyüş meydanındakı real vəziyyəti nəzərə almaq istəmirlər."
D.Peskov: "Rusiya sülh yolu ilə həll variantlarına açıqdır"
Dmitriy Peskov NATO qoşunlarının Ukraynaya yerləşdirilməsi ehtimalı ilə bağlı mövzuya toxunaraq: "Bu, bizim üçün qəbuledilməzdir", — deyə bildirib.
Ukrayna prezidenti Volodimir Zelenskinin "müharibənin həll variantlarından biri kimi Donbas bölgəsində üçüncü tərəfin nəzarətində bufer zonanın yaradılması ola biləcəyi" barədə fikrinə də toxunan D.Peskov belə deyib: "Sülh yolu ilə həll variantlarını ictimaiyyətə açıq şəkildə müzakirə etmək məqsədəuyğun deyil. Həmçinin Donbas Rusiyanın ərazisidir. Bu səbəbdən Rusiya bölgələrinin idarə olunması prosesində üçüncü tərəfin iştirak edə biləcəyini düşünmürəm."
D.Peskov Ukraynada 2022-ci ilin fevral ayından bəri davam edən müharibədə qələbə qazanacaqlarını vurğulayıb. Kreml sözçüsü bəyanatını bu sözlərlə yekunlaşdırıb: "Bunun hansı vasitələrlə həyata keçəcəyi şəraitdən asılı olacaq. Rusiya sülh yolu ilə həll variantlarına müsbət yanaşır. Lakin bu imkanların olmadığı şəraitdə Ukraynada xüsusi hərbi əməliyyatı davam etdiririk."



















