İran prezidenti Məsud Pezeşkian bəyan edib ki, ölkəsinin nüvə silahı və ya bölgədə qeyri-sabitlik istəmədiyi barədə beynəlxalq ictimaiyyətə zəmanət verməyə hazırdır.
Dövlət xəbər agentliyi IRNA-nın verdiyi məlumata görə, Pezeşkian deyib: “İranın mərhum lideri Əli Xameneinin şəhadətindən əvvəl də bəyan etmişdik, indi də təkrarlayırıq: Dünyaya nüvə silahı istəmədiyi barədə zəmanət verməyə hazırıq”.
Pezeşkian regional qeyri-sabitliyi əslində Tel-Əvivin alovlandırdığını bildirərək, İsraili “Böyük İsrail” vizyonu izləməkdə ittiham edib.
Pezeşkian onu də əlavə edib ki, İranın danışıqlar aparan nümayəndələri ölkənin "şərəf və ləyaqətindən" heç vaxt güzəştə getməyəcəklər.
ABŞ və İran 28 fevralda ABŞ-İsrail hücumları ilə başlayan, ardınca isə İranın İsraillə yanaşı Körfəzdəki ABŞ müttəfiqlərini hədəf alan cavab zərbələri və Hörmüz boğazının bağlanması ilə davam edən müharibəyə son qoyacaq razılaşmaya daha yaxın görünürlər.
ABŞ Dövlət katibi Marko Rubio prezident Donald Trampın razılaşmanın “böyük miqyasda müzakirə olunduğunu” və Hörmüz boğazının yenidən açılmasını ehtiva edəcəyini açıqlamasından sonra, dünyanın yaxın zamanda yaxşı xəbərlər ala biləcəyini söyləyib.
Trampın açıqlamasından əvvəl İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi Vaşinqton ilə yaxınlaşmaya doğru bir meyil olduğunu bildirmiş, lakin “bu, ABŞ ilə mühüm məsələlərdə mütləq razılığa gələcəyimiz mənasına gəlmir” deyə bildirmişdi.
Regional gərginliklər, ABŞ və İsrailin fevral ayında İrana hücumlar təşkil etməsindən bəri pik həddə çatıb. Tehran İsraillə yanaşı Körfəzdəki ABŞ müttəfiqlərini hədəf alan hücumlarla və Hörmüz boğazını bağlayaraq cavab verib.
Pakistanın vasitəçiliyi ilə 8 apreldə qüvvəyə minən atəşkəs, daha sonra Tramp tərəfindən müddətsiz olaraq uzadılıb.















