İran Parlamentinin sədri Məhəmmədbaqer Qalibaf ABŞ prezidenti Donald Trampın "müharibəyə başlaya bilər, amma onun necə bitəcəyinə nəzarət edə bilməz" deyərək, Tehranın yalnız "real, məcburi olmayan" danışıqlara açıq olduğunu vurğulayıb.
Yanvarın 28-də CNN telekanalına verdiyi müsahibədə Məhəmmədbaqer Qalibaf deyib: "Biz danışıqlara hazırıq. Lakin biz inanmırıq ki, Amerika prezidentinin axtardığı bu cür dialoqdur".
Qalibaf Vaşinqtonu güc tətbiq etməklə diplomatiyanı pozmaqda günahlandırıb və qeyd edib ki, ABŞ "İranla danışıqların altıncı raundundan iki gün əvvəl danışıqlar masasını bombalayıb".
İranın maddi fayda olmadan danışıqlara qatılmayacağını bildirən Parlamentin sədri deyib: "İran xalqının iqtisadi maraqları təmin edilmədikcə danışıqlar olmayacaq. Biz diktəni danışıqlar hesab etmirik".
“Masaya gəlin”
İran Parlamentinin sədri Məhəmmədbaqer Qalibaf həmçinin hərbi təzyiq altında aparılan danışıqların gərginliyi daha da artıracağı barədə xəbərdarlıq edərək bildirib: “Müharibə kölgəsində aparılan danışıqlar gərginliyi artırır. Əgər Tramp Nobel Sülh Mükafatını istəyirsə, ətrafındakı müharibəni qızışdıranlardan və təslim olmağın tərəfdarlarından uzaq durmalıdır”.
Bu sözlər Trampın “böyük donanma”nın İrana doğru getdiyini bildirməsindən və Tehranı “masaya oturmağa” çağırışından sonra səslənib.
İran rəsmiləri müharibə və qisas xəbərdarlığı ilə cavab verərək, Tehranın yalnız ədalətli və məcburi olmayan şərtlər altında danışıqlara açıq olduğunu təkrarlayıblar.
İran 28 dekabrdan bəri Tehranın Böyük Bazarında İran rialının sürətlə devalvasiyası və iqtisadi vəziyyətin pisləşməsi ilə bağlı başlayan etiraz dalğaları ilə sarsılıb. Nümayişlər daha sonra bir neçə şəhərə yayılıb.
Rəsmilər ABŞ və İsraili xarici müdaxilə üçün bəhanə yaratmaq məqsədilə “silahlı üsyançıları” dəstəkləməkdə günahlandırıb və ABŞ-nin hər hansı hücumuna “sürətli və hərtərəfli” cavab veriləcəyi barədə xəbərdarlıq ediblər.











