DÜNYA
2 dəqiqə oxuma
Mərakeşdə ərəb dilinin rolunun gücləndirilməsi çağırışları artır
Dünya Ərəb Dili Günü münasibətilə Mərakeşdə ərəb dilinin rəsmi statusunun bütün sahələrdə tam tətbiqi tələb edilir
Mərakeşdə ərəb dilinin rolunun gücləndirilməsi çağırışları artır
Mərakeş bayrağı / TRT Afrika English
18 dekabr 2025

Mərakeşdə fəaliyyət göstərən milli koalisiya dekabrın 17-də yaydığı bəyanatda təhsil, idarəetmə və digər sahələrdə fransız dilinin üstün mövqeyinə son qoyulmasını tələb edərək, ərəb dilinin rolunun gücləndirilməsinin vacibliyini vurğulayıb.

Dünya Ərəb Dili Günü münasibətilə yayımlanan açıqlamada Mərakeş Milli Ərəb Dili Koalisiyası bildirib ki, ölkədə daha ədalətli bir gələcəyinin formalaşdırılması ancaq ərəb dilinin rəsmi statusunun həyatın bütün sahələrində effektiv şəkildə tətbiq olunması ilə mümkündür.

Koalisiya ərəb dilinin təhsil, idarəetmə, maliyyə, ticarət və digər mühüm sahələrdə əsas ünsiyyət və iş dili statusu almasının vacib olduğunu qeyd edərək, fransız dilinin uzun illərdir davam edən üstünlüyünə son qoyulması üçün açıq və qətiyyətli dil siyasətinin həyata keçirilməsinə çağırış edib.

Bəyanatda dövlət qurumları və özəl şirkətlərin mövcud qanunvericiliyə uyğun olaraq rəsmi sənədlərdə, xidmətlərdə və yazışmalarda ərəb dili və ya amaziq (bərbəri) dilindən istifadəsinin məcburi xarakter daşımalı olduğu bildirilib.

Açıqlamada bir sıra dövlət qurumları, vətəndaş cəmiyyəti institutları, qeyri-hökumət təşkilatları (QHT) və banklar tərəfindən fransız dilindən istifadənin davam etdirilməsi tənqid olunub.

Qeyd edilib ki, Mərakeş Konstitusiyasının 5-ci maddəsində “ərəb dili dövlətin rəsmi dilidir və dövlət bu dilin istifadəsini qorumaq, inkişaf etdirmək və təşviq etmək vəzifəsindədir” müddəası yer alır. Həmin maddədə amaziq dilinin də rəsmi dil statusuna malik olduğu və bütün mərakeşlilərin ortaq mədəni irsinin tərkib hissəsi sayıldığı xüsusi vurğulanır.

Xüsusilə 2019-cu ilin avqust ayında qüvvəyə minən və bəzi fənlərin fransız dilində tədrisinə icazə verən təhsil islahatı qanunundan sonra fransız dilinin təhsil sistemində istifadəsinin davam etməsi ölkə daxilində geniş ictimai və siyasi müzakirələrə səbəb olub.

Qeyd edək ki, bu siyasət fransız dilini müstəmləkə idarəçiliyinin mirası kimi qiymətləndirən və onun təhsil sistemində mövcudluğuna qarşı çıxan siyasi partiyalar və vətəndaş cəmiyyəti qrupları tərəfindən ciddi etirazla qarşılanıb.

MƏNBƏ:TRT