TÜRKİYƏ
2 dəqiqə oxuma
Rəcəb Tayyib Ərdoğan təyyarədə jurnalistlərin suallarını cavablandırıb
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) qoşulmaq cəhdlərinin Qərbdən üz döndərmək mənasına gəlmədiyini bildirib
Rəcəb Tayyib Ərdoğan təyyarədə jurnalistlərin suallarını cavablandırıb
Rəcəb Tayyib Ərdoğan təyyarədə jurnalistlərin suallarını cavablandırıb / Anadolu Agency

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) qoşulmaq cəhdlərinin Qərbdən üz döndərmək mənasına gəlmədiyini bildirib. Qırğızıstanın paytaxtı Bişkekdə keçirilən ŞƏT sammitindən qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandıran dövlət başçısı Ankaranın çoxşaxəli xarici siyasət yürütdüyünü və 360 dərəcəlik baxış bucağı ilə təsir imkanlarını artırmağı hədəflədiyini vurğulayıb.

Rusiya-Ukrayna müharibəsinə toxunan Türkiyə lideri həm özünün, həm də Rusiya Prezidenti Vladimir Putinin münaqişənin sülh yolu ilə başa çatmasını istədiklərini diqqətə çatdırıb. Qara dənizdə mülki gəmiçiliyin təhlükəsizliyinin vacibliyini qeyd edən Ərdoğan hərbi əməliyyatların mülki sektora təhdid yaratmamalı olduğunu bildirib. O, xüsusilə Afrikada yeni taxıl böhranının yarana biləcəyi ilə bağlı xəbərdarlıq edib və vəziyyət pisləşmədən tədbir görməyin vacibliyini vurğulayıb.

Müdafiə sənayesi layihələrindən danışan Prezident Ərdoğan Türkiyənin "F-35" proqramına qaytarılması ilə bağlı ABŞ-la danışıqların davam etdiyini bildirib. O, diplomatik səyləri davam etdirərkən milli qırıcı "KAAN"dan və ya yerli hava hücumundan müdafiə sistemlərinin inkişafından imtina etmədiklərini, əksinə alternatifləri artırdıqlarını qeyd edib. Ərdoğan həmçinin Məkkə Müdafiə İttifaqının regionda sabitlik və təhlükəsizliyin bərqərar olmasına xidmət etdiyini diqqətə çatdırıb.

Türkiyənin qərb qonşusu Yunanıstanı yanlış yoldan çəkinməyə çağıran Ərdoğan afinalı tərəfdaşları hərbi cəhətdən silahsızlaşdırılmış statusa malik adaları silahlandırmaqdan əl çəkməyə səsləyib. Prezident Türkiyənin heç kimin torpağında gözü olmadığını, lakin öz hüquqlarının tapdanmasına da icazə verməyəcəyini bəyan edib.

"Terrorsuz Türkiyə" təşəbbüsü üzrə yol xəritəsinin hazır olduğunu deyən Ərdoğan bunun üçün əsas şərti açıqlayıb. Prezident bildirib ki, prosesin hüquqi çərçivəyə salınması üçün PKK terror təşkilatı silahları təhvil verməli və fəaliyyətinə son qoymalıdır.

Suriya məsələsinə də toxunan Ərdoğan bu ölkənin ərazi bütövlüyünün vacibliyini diqqətə çatdırıb. YPG-nin rəhbərliyindəki SDQ-nin ləğv edilməsi məsələsinə toxunan Türkiyə lideri deyib: ‘‘Belə bir addımın yalnız Suriya üçün deyil, bütün bölgə üçün yeni bir dövrün qapısını açacağına inanıram. Terror kitabı artıq bağlanmalı, silahın və zorakılığın dövrü bitməlidir."