Malayziya hökuməti ölkələrinə geri göndərilən yüzlərlə Myanmar vətəndaşının ordu tərəfindən saxlanılmasına dair iddialarla bağlı bu ölkədən izahat tələb edəcəyini açıqlayıb.
"Free Malaysia Today" xəbər portalının məlumatına görə, Malayziyanın xarici işlər naziri Məhəmməd Həsən ölkələrinə geri göndərilən yüzlərlə vətəndaşın Myanmar ordusu tərəfindən saxlanıldığına dair iddialar üzrə Malayziyanın Myanmardan məsələyə dair izahat istəyəcəyini bildirib.
Məhəmməd Həsən "Hələ də 300 nəfərin saxlanıldığına dair xəbərlər varsa, Myanmar hökumətindən izahat tələb edəcəyik", — deyə qeyd edib.
Myanmarın sözügedən şəxslərin təhlükəsizliyinə zəmanət verdiyini vurğulayan Məhəmməd Həsən Malayziyanın Myanmardakı müvəqqəti işlər vəkilindən bu iddiaları araşdırmasını istəyəcəyini də əlavə edib.
Xatırladaq ki, oktyabrın 4-də 1.476 Myanmar vətəndaşının Yanqon şəhərinə çatdığı bildirilib. Daha 3 min 524 nəfərin isə ölkələrinə göndərilməsi gözlənilir.




















