Rusiya Mərkəzi Seçki Komissiyasından verilən məlumata görə, Dövlət Dumasının deputatları, eləcə də 39 regionun parlamenti, regional rəhbərlər və yerli məclislər üçün keçirilən seçkilərdə bülletenlərin 95,45 faizi sayılıb. İlkin nəticələrə əsasən, seçicilərin fəallığı 59,32 faiz təşkil edib.
Açılan qutuların nəticələrinə görə isə hakim "Vahid Rusiya" Partiyası 57,82 faiz səs toplayıb. Rusiya Federasiyası Kommunist Partiyası (KPRF) 13,8 faiz, Liberal Demokrat Partiyası (LDPR) 8,99 faiz, "Yeni İnsanlar" Partiyası isə 7,96 faiz səs yığıb. Əvvəlki seçkilərdə parlamentdə yer alan "Ədalətli Rusiya" Partiyası isə 4,96 faiz səs toplayaraq hələlik seçki baryerindən aşağıda qalıb.
Rusiya Mərkəzi Seçki Komissiyasının sədri Ella Pamfilova bəyanat verərək bildirib ki, "Ədalətli Rusiya" Partiyasının hələ də seçki baryerini keçmək şansı var.
E.Pamfilova mövcud seçki nəticələri ilə yanaşı partiyaların parlamentdəki yerlərinin sayı barədə də məlumat verib. O, "Vahid Rusiya" Partiyasının topladığı səslərlə birlikdə 208 birmandatlı seçki dairəsində də birinci yeri tutduğunu bildirib. E.Pamfilova bu nəticə ilə "Vahid Rusiya"nın 450 nəfərlik Dumada ümumilikdə 355 yer əldə edə biləcəyini vurğulayıb.
Bildirilir ki, Rusiyadakı seçkilərdə dövlət Dumasındakı 450 yer uğrunda 10 partiya mübarizə aparıb. Seçkilərin 2022-ci ildən bəri Rusiya ilə Ukrayna arasında davam edən müharibə dövrünə təsadüf etməsi diqqət çəkir.
Xatırladaq ki, Rusiyada 2021-ci ildə keçirilən Duma seçkilərində seçici fəallığı 51,72 faiz olmuşdu. Həmin seçkilərdə "Vahid Rusiya" Partiyası 49,82 faiz səs toplayaraq 324 deputat mandatı ilə yenidən uğur qazanmışdı. Seçki yarışında ikinci olan KPRF 57, "Ədalətli Rusiya" Partiyası 27, LDPR 21 və "Yeni İnsanlar" Partiyası isə 13 mandat əldə etmişdi.
Qeyd edək ki, Duma seçkilərində 450 deputatın 225-i partiya siyahıları, 225-i isə birmandatlı seçki dairələri üzrə müəyyən edilir.


















