Braziliyanın San-Paulo şəhərində minlərlə insan oktyabrın 25-də keçiriləcək prezident seçkilərinin ikinci turundan əvvəl ölkə rəhbəri Luiz İnasio Lula da Silvanı dəstəkləmək üçün aksiya keçirib.
"Demokratiya yürüşü" adlı mitinq çərçivəsində şəhərin simvolu sayılan Paulista prospekti hakim İşçi Partiyasının rəmzi olan qırmızı rəngə bürünüb.
Mitinqdə tərəfdarları qarşısında çıxış edən Lula da Silva ikinci turla bağlı nikbin olduğunu bildirib. O, ilk turda səs verməyən 30 milyondan çox seçicini, xüsusilə də yaşlı vətəndaşları səsvermədə fəal iştirak etməyə çağırıb.
"Biz heç vaxt oğruların bu ölkəni yenidən idarə etməsinə icazə verə bilmərik. Bu, təkcə iki namizəd arasında seçim deyil, həm də ölkə üçün demokratiya ilə avtoritarizm arasında edilməli olan seçimdir. Biz bu seçkidə qalib gələcəyik, çünki xalqımız geriyə deyil, gələcəyə doğru addımlamağa layiqdir",-deyə Luiz İnasio Lula da Silva deyib.
Aksiya iştirakçıları "Braziliya bizimdir" şüarını səsləndiriblər.
Qeyd edək ki, oktyabrın 4-də keçirilən seçkilərin birinci turunda keçmiş prezident Jair Bolsonaronun oğlu Flavio Bolsonaro səslərin 47 faizin, hazırkı prezident Lula da Silva isə 45,1 faizini toplayıb.
159 milyona yaxın qeydə alınmış seçicinin olduğu ölkədə namizədlərdən heç biri tələb olunan səsi toplaya bilmədiyi üçün dövlət başçısının adı oktyabrın 25-də keçiriləcək ikinci turda bəlli olacaq.






















