TÜRKİYƏ
2 dəqiqə oxuma
Prezident R.T.Ərdoğan Türkiyənin süni intellekt sahəsindəki inkişafı haqqında danışıb
Ölkə rəhbəri R.T.Ərdoğan 2026-2030-cu illəri əhatə edən "Türkiyə Süni İntellekt Fəaliyyət Planı"nı ictimaiyyətə təqdim edib
Prezident R.T.Ərdoğan Türkiyənin süni intellekt sahəsindəki inkişafı haqqında danışıb
Prezident R.T.Ərdoğan Türkiyənin süni intellekt sahəsindəki inkişafı haqqında danışıb

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda təşkil olunan "Türkiyə Süni İntellekt Sammiti"ndə iştirak edərək mühüm bəyanatlarla çıxış edib.

Rəqəmsal potensialın çəkindirici bir qüvvə amili olduğunu vurğulayan Prezident R.T.Ərdoğan 2026-2030-cu illəri əhatə edən "Türkiyə Süni İntellekt Fəaliyyət Planı"nı ictimaiyyətə təqdim edib.

Dövlət başçısı süni intellektin təqdim etdiyi imkanlardan yararlanaraq, "Türkiyə Yüz İli" çərçivəsində rəqəmsal sahədə də böyük və güclü bir Türkiyə inşa etmək əzmində olduqlarını bildirib. O, hazırlanan planın "fərqində ol, bəhrələn, istehsal et və idarə et" olmaqla 4 əsas istiqamət üzərində qurulduğunu diqqətə çatdırıb.

Plan çərçivəsində 2 il ərzində 5 milyon vətəndaşa süni intellekt istifadəsi üzrə təlimlərin verilməsi nəzərdə tutulur. Eyni zamanda, bu sahədə 10 min yüksək səviyyəli mütəxəssis yetişdiriləcək. Dövlət məlumat bazaları isə milli məlumat kitabxanası vasitəsilə istifadəyə açıq elan olunacaq.

Bundan əlavə, 2030-cu ilə qədər məlumat mərkəzinin qurğu gücü ən azı 1 giqavata çatdırılacaq. TÜBİTAK-ın "Bilge" modeli, T3 Fondu, "Baykar" və HAVELSAN şirkətlərinin birgə fəaliyyəti sayəsində "Türkcə Böyük Dil Modeli"nin yaradılması istiqamətindəki addımlar da qətiyyətlə davam etdiriləcək.

Süni intellekt infrastrukturunun qurulması üçün ən azı 10 milyard dollarlıq vəsaitin ayrılacağını bildirən Prezident R.T.Ərdoğan Türk Dövlətləri Təşkilatı ilə tərəfdaşlıq şəraitində ortaq bir "Türk Dilləri Böyük Dil Modeli"nin də inkişaf etdiriləcəyini açıqlayıb.

Dövlət başçısı R.T.Ərdoğan ölkənin iqtisadi hədəfləri ilə bağlı isə belə deyib: “Türkiyə Süni İntellekt Fəaliyyət Planı ilə cəlb edəcəyimiz resursların yaradacağı əlavə dəyərin 1 trilyon lirəni ötəcəyini proqnozlaşdırırıq. İnşallah, hamılıqla Türkiyəni süni intellekt əsrinin qabaqcıl ölkələri sırasına yüksəldəcəyik. Biz “Türkiyə Yüz İli”ni eyni zamanda rəqəmsal istehsalın da əsrinə çevirəcəyik."

MƏNBƏ:TRT