Həlak olanlar arasında təhlükəsizlik qüvvələrinin əməkdaşları da var.
Nigeriyanın Zamfara ştatında hərbi mühafizə altında səyahət edən tacirlərin karvanına təşkil edilən hücum nəticəsində 27 nəfər həyatını itirib.
Milli mətbuatda yer alan xəbərlərə görə, silahlı dəstə üzvləri dünən Zamfara ştatındakı Qurusu-Qvaşi (Gurusu-Gwashi) avtomobil yolunda həftəlik bazara getmək üçün hərbi mühafizə altında səyahət edən tacirlərin karvanını hədəf alıblar.
Hücum zamanı aralarında təhlükəsizlik qüvvələrinin mənsublarının da olduğu 27 nəfər həlak olub, çoxlu sayda insan yaralanıb.
Zamfara Polisi hücum faktını təsdiqləyərək hadisə ilə bağlı araşdırma başladıldığını bildirib.
Nigeriyanın müxtəlif bölgələri uzun müddətdir ki, silahlı dəstələrlə yanaşı, "Boko Haram" və DAEŞ-in Qərbi Afrika qolu olan ISWAP terror təşkilatlarının hücumlarına məruz qalır.
Ölkədə insan qaçaqmalçılığı cinayətinə görə ölüm cəzası tətbiq edilməsinə baxmayaraq, fidyə məqsədilə insan qaçırılması hallarına tez-tez rast gəlinir. Silahlı şəxslər əsasən ölkənin şimalındakı kəndləri, məktəbləri və sərnişinləri hədəf alaraq fidyə tələb edirlər.






















