Rusiya prezidenti Vladimir Putin ölkənin Hərbi Sənaye Komissiyası ilə keçirdiyi iclasda Ukraynanın danışıqlar aparmaq istəmədiyini bildirib.
O, deyib: "Kiyev rəhbərliyinin nümayəndələri sülhdən danışır və danışıqları yenidən başlatmağı təklif edirlər. Lakin cinayətlər törədərək sülhün bərqərar olmaması və danışıqların aparılmaması üçün əllərindən gələni edirlər".
İclasda çıxış edən V.Putin xarici təhdidlərin artdığını da vurğulayıb. O, "NATO genişlənərək artıq dünyanın digər bölgələrinə də daxil olur", — deyə qeyd edib.
Prezident V.Putin həmçinin bəzi Avropa liderlərinin Rusiya ilə müharibəyə hazırlaşdıqları barədə bəyanatlar verdiklərini deyib: "Məncə, onlar iqtisadi və sosial siyasətlərindəki səhvləri ört-basdır edərək azalan ictimai dəstəyi bərpa etməyə çalışırlar. Lakin elə də uğurlu olduqlarını demək olmaz. Bu, işə yaramır. Həmin liderlər seçkilərdə Rusiya ilə müharibə istəmədiklərini nümayiş etdirən vətəndaşlarına qulaq asmırlar. Əvəzində gərginliyi artırmağa davam edirlər. Bunun üçün də Ukraynadakı vəziyyətdən və ukraynalılardan yem kimi istifadə edirlər".
Avropa ölkələrinin Ukraynadakı müharibə səbəbilə xərclərə haqq qazandırmaq üçün hər cür üsula əl atdıqlarını deyən V.Putin vurğulayıb: "İrəli sürdükləri əsas tezislərdən biri güya Rusiya təhdididir. Rusiyanın Avropaya və ya Avropa ölkələrinə hücum etmək niyəti yoxdur. Bunun üçün heç bir əsasımız yoxdur. Avropadakı qonşularımızla əməkdaşlığa və münasibətləri yenidən bərpa etməyə hazırıq".
Ukraynada seçkilərin keçirilmədiyini dilə gətirən V.Putin Kiyev rəhbərliyinin bu məsələdə tələsmədiyini bildirib. O, həmçinin Rusiyadakı seçkilərə də mane olmağa çalışdıqlarını söyləyib.


















