Türkiyənin paytaxtı Ankarada ikinci böyük hava limanının açılışı olub. Açılış mərasimində çıxış edən Prezident Rəcəb Tayyib Ərdoğan yeni hava limanının 7-8 iyul tarixlərində keçiriləcək NATO sammitinə qatılacaq xarici nümayəndə heyətləri üçün sürətli çıxış təmin edəcəyini bildirib. Dövlət başçısı hava limanından şəhər mərkəzinə qədər 17 kilometrlik güclü nəqliyyat şəbəkəsinin yaradıldığını bildirib.
Türkiyənin qlobal siyasətdəki rolunun və Ankaranın diplomatik statusunun hər il daha da möhkəmləndiyini bildirən R.T. Ərdoğan ölkənin beynəlxalq diplomatiya mərkəzinə çevrildiyini qeyd edib. O, həmçinin Türkiyənin 2026-cı ildə ev sahibliyi etdiyi və edəcəyi irimiqyaslı tədbirlərə diqqət çəkib.
Yeni hava limanı tarixi əhəmiyyəti ilə də seçilir. 1933-cü ildə Cümhuriyyətin qurucusu Qazi Mustafa Kamal Atatürkün göstərişi ilə tikilən və uzun illər hərbi aviasiya mərkəzi kimi istifadə olunan tarixi hava limanı müasir standartlara uyğun şəkildə tamamilə bərpa edilib. Yenidənqurma işləri çərçivəsində uçuş-enmə zolağının uzunluğu 2450 metrdən 3000 m-ə, eni isə 42 metrdən 60 m-ə çatdırılıb, işıqlandırma və naviqasiya sistemləri beynəlxalq mülki aviasiya normalarına uyğunlaşdırılıb. 160 min kvadratmetrlik yeni perron sahəsi eyni vaxtda 44 təyyarənin təhlükəsiz park edilməsinə imkan verir. Bununla yanaşı, hava limanında 4800 kvadratmetrlik qapalı sahəsi olan dövlət qonaq evi və 310 avtomobillik dayanacaq istifadəyə verilib. Layihə çərçivəsində yüksək sürətli qatar xətti üzərində Türkiyədə ilk dəfə tətbiq olunan xüsusi metodla 140 metr uzunluğunda və 10 min tonluq göyərtəyə malik "Paytaxt Aviasiya Körpüsü" də inşa edilib. Prezident bu təkmilləşdirmələrlə hava limanının geniş gövdəli təyyarələri və rəsmi dövlət uçuşlarını qəbul etməyə tam hazır olduğunu qeyd edib.
Ölkədəki ümumi sərnişin sıxlığına da toxunan R.T.Ərdoğan son 9 günlük bayram dövründə Türkiyə aeroportlarında 51 mindən çox təyyarə hərəkətinin qeydə alındığını və 7,6 milyon sərnişinə xidmət göstərildiyini diqqətə çatdırıb. Bu müddətdə paytaxtın əsas hava limanı olan Esenboğa 2557 təyyarə və 382 min sərnişinlə ölkənin 4-cü ən işlək hava limanı olub. Prezident iyirmi il əvvəl ildə 3 milyon sərnişin qəbul edən Esenboğanın bu gün 15 milyonluq tutuma çatdığını xatırladaraq yeni Ankara Hava Limanının fəaliyyətə başlaması ilə mövcud hava və yol hərəkəti yükünün əhəmiyyətli dərəcədə azalacağını bildirib.
















