Türkiyə Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Öncü Keçeli iki ölkə arasında davam edən normallaşma prosesi çərçivəsində Ermənistanla birbaşa ticarəti başlatmaq üçün bürokratik hazırlıqların tamamlandığını ifadə edib.
Öncü Keçeli çərşənbə axşamı "X" platformasında etdiyi paylaşımda deyib: “ Ermənistan ilə 2022-ci ildən bəri davam edən normallaşma prosesi çərçivəsində atılan etimadqurucu addımlar çərçivəsində, Türkiyə ilə Ermənistan arasında birbaşa ticarətin başlanmasına dair bürokratik hazırlıqlar 11 may 2026-cı il tarixi etibarilə tamamlanıb. İki ölkə arasındakı ortaq sərhədin açılmasına dair zəruri texniki və bürokratik işlər isə hazırda da davam edir. Həyata keçirilən yeni tənzimləmə sayəsində Türkiyədən üçüncü bir ölkəyə, oradan da Ermənistana gedən və ya eyni marşrutdan istifadə edərək gələn malların son təyinat və ya çıxış nöqtəsinin “Ermənistan/Türkiyə” şəklində yazılması mümkün olub.
Keçeli Türkiyənin Cənubi Qafqazda davamlı sülh və rifahın gücləndirilməsi istiqamətində yaranan tarixi fürsətin işığında bölgədə iqtisadi münasibətlərin inkişaf etdirilməsinə və əməkdaşlığın bütün region ölkələri və xalqlarının faydasına daha da irəlilədilməsinə töhfə verməyə davam edəcəyini vurğulayıb.
Qeyd edək ki, sözügedən açıqlama 2022-ci ildən bəri davam edən normallaşma prosesi çərçivəsində atılan etimadqurucu addımların sonuncusudur.
Mart ayında "Türk Hava Yolları" İstanbul ilə İrəvan arasında gündəlik uçuşlara başlayıb.
İki ölkə bu ilin əvvəlində diplomatik və xidməti pasport sahibləri üçün viza prosedurlarının asanlaşdırılması barədə razılığa gəlib.
Türkiyənin İğdır vilayətini Ermənistanın Armavir bölgəsi ilə birləşdirən Əlican-Marqara sərhəd keçid məntəqəsində tikinti işləri hazırda təxminən 90% səviyyəsində tamamlanıb.
Tərəflər həmçinin ortaq sərhəddə yerləşən orta əsrlərə aid Ani körpüsünün bərpa edilməsini qərara alıblar; diplomatlar bunu normallaşma səylərindəki geniş impulsun simvolik bir addımı kimi qiymətləndirirlər.
Qeyd edək ki, Türkiyə ilə Ermənistan arasında rəsmi diplomatik münasibətlər mövcud deyil və quru sərhədləri 1993-cü ildən bəri bağlıdır.














