İstanbul Hava Limanı qlobal aviasiya məlumatları və analiz qurumu olan OAG-nin "Megahubs 2026" hesabatında "dünyanın ən yaxşı bağlantı təmin edən hava limanı" seçilərək mükafata layiq görülüb.
Hava Limanının Operatoru İGA-dan verilən açıqlamaya görə, OAG-nin "Megahubs 2026" hesabatında London Hitrou (Heathrow) hava limanını geridə qoyan İstanbul Hava Limanı qlobal bağlantı gücü ən yüksək olan hava limanı seçilib.
Aparıcı aviaşirkət və hava limanı rəhbərlərini Frankfurtda bir araya gətirən "Routes World 2026" tədbirində mükafatı İGA İstanbul Hava Limanının Aviasiyanın İnkişafı üzrə direktoru Fırat Ocak qəbul edib.
OAG tərəfindən hər il dərc olunan "Megahubs" hesabatı aparıcı hava limanlarını beynəlxalq uçuş bağlantıları baxımından qiymətləndirərək qlobal və regional miqyasda sıralayır.






















